Xəbər lenti

BMT Trampın Qəzza planını təsdiqlədi: İsrail razıdır, HƏMAS isə susur
Dünya 14:24 18.11.2025

BMT Trampın Qəzza planını təsdiqlədi: İsrail razıdır, HƏMAS isə susur

BMT Təhlükəsizlik Şurası ABŞ-ın təklif etdiyi və prezident Donald Trampın dəstəklədiyi Qəzza planını 13 səslə təsdiqləyib. Rusiya və Çin bitərəf qalıb. Qətnamə bölgədə uzunmüddətli sabitlik yaratmağı və müharibə sonrası Qəzzanın yenidən qurulması prosesini beynəlxalq nəzarət altına almağı hədəfləyir.

Qaynarinfo "Newsweek”ə istinadla xəbər verir ki, qəbul edilən sənəd Tramp administrasiyasının 20 maddəlik Qəzza təklifini rəsmən beynəlxalq hüquqi çərçivəyə salır. Plan Qəzzada "Keçid Sülh Şurası”nın (Board of Peace) yaradılmasını, həmçinin bölgəyə beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

İsrail kabineti artıq Trampın planına razılıq verib və onu "qarşılıqlı girov buraxılışına və mərhələli sabitliyə aparan yeganə yol” kimi qiymətləndirib. HƏMAS isə hələlik planla bağlı rəsmi mövqe elan etməyib, baxmayaraq ki, Qətnamə hər iki tərəfi atəşkəsə doğru yönəltməyə hesablanıb.

Sənəddə bir neçə əsas element yer alır:

Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi
Silahların tam nəzarət altına alınması və HƏMAS-ın hərbi infrastrukturunun ləğvi
Humanitar koridorların genişləndirilməsi
Qəzzanın yenidən qurulması üçün beynəlxalq fondun yaradılması
Girovların mərhələli şəkildə azad olunması

"Newsweek” yazır ki, bu təşəbbüs Qəzzadakı idarəçiliyin gələcəyi ilə bağlı Trampın ən ambisiyalı planı hesab olunur.

Ağ Ev bildirib ki, BMT-nin qərarı "müharibəyə davamlı siyasi həll tapmaq üçün tarixi şansdır”. Sənəd həmçinin Yaxın Şərqdə qeyri-sabitliyi azaltmağa yönəldilmiş regional mexanizmlərin qurulmasını nəzərdə tutur.

Bəzi ərəb dövlətləri planı ehtiyatlı şəkildə dəstəkləsə də, İran və onun müttəfiqləri sənədi "Vaşinqtonun geosiyasi layihəsi” adlandıraraq tənqid ediblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->