Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında quşların sayının azaldığı müşahidə olunur.
"Report”un məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər. Lakin ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında azalma olub.
Eyni zamanda əvvəlki dövrlərdə yüz mindən çox flaminqonun (qızıl qaz) qışladığı bu ovçuluq təsərrüfatında bu il cəmi bir flaminqo müşahidə olunub. Sözügedən təsərrüfatda quşlarının say azlığının səbəbi son zamanlar iqlim dəyişkənliyi nəticəsində bataqlıq ərazilərində su həcminin azalmasıdır. Həmçinin burada suyun səthinin yüksək olmaması da səbəblərdən biridir.
Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 136 hektardır.
Şərhlər