Xəbər lenti

Biləcəridən bu yana keçə bilməyən Qərb
Orxan Saffari
Ölkə 16:11 12.05.2023

Biləcəridən bu yana keçə bilməyən Qərb

Azərbaycanlılar harada gözəl bir iş varsa, mütləq şəkildə necəsə onu çürüdəcək, gözdən salacaq, son ana qədər əllərindən gələni edib, iyrəndirəcəklər. Əksərən belə olur. Başqa yolu yoxdur. Vəssəlam. Birmənalı, qeyd-şərtsiz. Belədir. 

Nədənsə, heç vaxt orta xətti tutuzdura bilmirik. Anlaya bilmirik ki, bəlkə düz deyil? Bəlkə heç lazım da deyil, qətiyyən ehtiyac yoxdur, olmasa da olar?! Amma kimə deyirsən? Heç milli eqoizmimiz imkan verər ki, belə şeyləri anlayaq? Axı biz elə bilirik ki, gördüyümüz işlərin ən gözəlini biz edir, ən yaxşı şəkildə biz bacarırıq. Allah xasiyyətimiz kəssin, yaman tünddür. 

Məsələn, küçə musiqisi kimi gözəl bir mənzərəni, sənəti, həyatı.

Tələbə ikən bir dəfə qatarda dünyanı velosipedlə gəzməyə qərar verən portuqalıyalı yoldaşla həmsöhbət olmuşdum. Velosipedinin harada olduğunu soruşanda, Biləcəridə oğurlandığını dedi. Hır gülmək tutmuşdu məni. Deyəsən, 10-cu gəzdiyi ölkə idi Azərbaycan. Dünyanı gəzmək istəyən o yoldaşa imkan verməyiblər ki, Biləcəridən o tərəfə keçsin. Hadisə pis olsa da, çox maraqlıdır. Eşq olsun milli oğrularımıza. Çatan kimi turistə "razboy” necə olur, göstəriblər. 

İndi bu küçə musiqisi də. Dünyanın hər yerində var, gözəldir, zövq alırıq, di gəl, bizə gəldi, zibili çıxdı. Artıq tam olaraq deyə bilərik ki, hazırda bundan ləyiqsiz, bihörmət, mənasız-məzmunsuz heç nə yoxdur. Birbaşa senzura tətbiq ediləcək nəsə varsa, o da küçə musiqisidir.

Xüsusi ilə son dövrlər məşhurlaşaraq yayılır ki, bir neçə nəfər səsinin olduğuna bərk şəkildə aldanmış qaqaşlar düşür ortalığa, avtobusda, metroda, bir sözlə, adamların çox olduğu yerdə qəfildən gitara çalır, yaxud da, elə quruca mahnılar oxuyur. Guya ki, camaatı belə feyziyyab edəcəklər, sənət göstərirlər, bu işlər belə olur-zad. Camaatınsa, heç tükü də tərpənmir. Əksinə, sözün əsl mənasında gülməli vəziyyətlərə düşürlər. Görəsən, adam özünü niyə belə hala salsın, biabır etsin? 

Əslində, bu, pis bir şey deyil. Yəni, mənzərə olaraq küçə musiqisi çox yaxşıdır, işdir, lazımdır, fəaliyyətdir, düşüncə tərzidir. Sadəcə, bunu adət halına gətirmək, yəni, qeyri-hərəkətlərin həmişə yaxşı olduğunu düşünərək etmək, üstəlik də, bütün bunlar uyğunsuz adamlar tərəfindədirsə, alınmır. Belə halda sənət yox, sadəcə, bambıllıq olur. 

Baxırsan ki, səs yox, yaraşıq yox, enerji yox, ruh yox, amma bilmirsən ki, əllərindən hara gedəsən? Vallah, ciddi məsələdir. Xüsusi ilə yaraşıq. Nisbətən xarizma. Küçələr ləlöyün yeri deyil. Təxminən, 50 kilo çəki, qara qolsuz üçdüymə kətan, "zamuş" makasin, cırıq-cırıq da cins. Saçı-saqqalı da demirəm, özünüz bilin. Bu "viddə", "lijimdə" olan adamdan nə sənət, nə feyziyablıq? Adam üzbəüz gəlmək istəmir ki, gözün sataşıb, diksinməsin, bu durub mənə klassika göstərmək istəyir. Bütün bunların fonunda isə üstəlik, musiqi seçimləri də bərbad. 

Haradan çıxdı bu adamlar? Allah qoymasa, şəhərdə hər addım başı əlində gitar "Dolya vorovskaya" oxuyan qaquliklərin bir üst versiyası bunlardırmı? Zəbt olunan keçidlərin hər birində exo ilə oxuyan qaquliklər nə vaxta qədər bayağı, çuşka türk mahnılarını oxumağı düşünür? Onlara kim deyib ki, bu işlər sizlikdir, siz bacarırsınız?

Qoca Tolstoy yazıçılar üçün deyib ki, "Yazmaya bilirsənsə, yazma". Amma Manaf Ağayev, Ağadadaş Ağayev filangil oxuya bilməyənlər haqqında heç nə deməyib. Əvvəla, bunları da kimsə deməli və əməl olunmalıdır. Çünki çox kiçik istisnaları çıxmaq şərti ilə vəziyyət biabırçılıqdır. 

Ümumiyyətlə, belə vəziyyətlərin adı küçə musiqisi dilənçilik etmək, özünə hörmət qoymamaq, camaatı bezdirməkdir.

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->