Xəbər lenti

Baxşıyev: “Qarabağ” “Bayeri” əzmkarlıq və iradənin hesabına keçə bilər”
İdman 14:58 14.03.2024

Baxşıyev: “Qarabağ” “Bayeri” əzmkarlıq və iradənin hesabına keçə bilər”

Bu gün "Qarabağ” Almaniyada tarixi matçına çıxacaq.
 
Təbii ki, hər bir azərbaycanlıda Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Avropa Liqasında 1/4 finala məhz Almaniyada adlayacağı ilə bağlı yüksək inam var. Ancaq mövsüm başlayandan hələ də məğlubiyyət üzü görməyən Bundesliqa nəhəngini keçmək asan deyil. Almanlar Bakıdakı oyunda da bunu göstərdilər. Bəs Elmar Baxşıyev nə düşünür?

"Qəbələ”nin sabiq baş məşqçisi Qaynarinfo-ya "Qarabağ”ın bu gün baş tutacaq "Bayer”lə matçı haqda düşüncələrini bölüşüb:

"Bakıdakı oyun "Bayer”in boşluqlarını göstərdi. "Qarabağ” Avropa təcrübəsi olan komandadır. Düşünürəm ki, bugünkü oyunda da rəqib ehtiyat edəcək. "Bayer” evdə fərqli oyun nümayiş etdirir. İlk dəqiqələrdən təzyiqə davam gətirə bilsə, komanda rəqib meydançada öz oyununu göstərmək gücündədir. Hər iki komanda artıq üç dəfə bir-biri ilə oynayıb və analiz baxımından müəyyən məlumatlar öyrənib”.

Bu gün əksər insanlarda "Qarabağ”ın növbəti mərhələyə keçəcəyinə dair böyük inam var. Ancaq Baxşıyev "Bayer”in də gücünü nəzərə almağın vacibliyini vurğulayıb:

"Şansları faizlə qeyd etmək istəməzdim. İnam Bakıdakı ilk oyunda komandanın rəqibdən üstün oynamasına görə yaranıb. Amma rəqibi də nəzərə almaq lazımdır. Avropada "Top-5” liqaların birində ilk pillədə olan komandadır”.

Maraqlıdır, "Bəs "Qarabağ” nəyin hesabına "Bayer”i keçə bilər” sualını mütəxəssis belə cavablandırıb:

"Əzmkarlıq və iradənin hesabına. Bu da komandada var”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->