Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində açılan cinayət işi ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, o, açılan cinayət işini qəbul etmədiyini, əsasız olaraq ittiham edildiyini deyib:
"Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. Yerdə qalan faktların hamısı "Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, - deyə həmyerlimiz bildirib.
R.Əsgərov "Радиоточка НСН” Telegram-kanalına müsahibəsində isə bildirib:
"Mən Rusiyada deyiləm, sizdən fərqli olaraq mənim bəxtim gətirib, mən Rusiyada deyiləm və ora gəlməyəcəm.
Bu, uydurma cinayət işidir. Rusiyada nə baş verdiyi məni çox da maraqlandırmır, bu, Rusiyanın problemidir".
Əsgərov nə edib?
Aprelin 6-a keçən gecə Rövşən Əsgərov Facebook səhifəsində bu məzminda paylaşım edib:
"Rusiyada, Moskvanın mərkəzində, psevdo-tarix muzeyinin qarşısında stajlı qarətçinin heykəli ucalır. Paqonlu qatil Jukov həm də oğru olub. O, Almaniyadan "öz şəxsi istifadəsi üçün” "xeyli sayda” mebel, sənət əsəri, müxtəlif qənimət əşyalar gətirib. Onun işi üzrə istintaq materiallarında belə yazılıb. Beş dəfə Sovet İttifaqı qəhrəmanı bax belə biridir”.
Bu paylaşım artıq silinib və jurnalistin səhifəsində bunu tapmaq mümkün deyil.
Rusiya İstintaq Komitəsi məlumat yayıb ki, Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.
Rusiya Federasiyasının İstintaq Komitəsi hesab edir ki, Əsgərov aprelin 6-da "Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.
Şərhlər