Bakıdan Astara şəhərinə gedən 10 NU 800 nömrəli avtomobilin sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş A.Nemətov Astara şəhərində idarə etdiyi BMW markalı 10 NU 800 dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılıb.
Buna səbəb Astara Bulvarının ərazisində dincələn şəxsləri narahat etməsi olub. Belə ki, 1 avqust 2024-cü il tarixdə, saat 23.00 radələrində Bulvar ərazisində nəvələri ilə dincələn S.M BMW markalı avtomobilin yüksək sürətlə hərəkət edərək, yüksək səs yaydığını görüb. O, avtomobilin sürücüsünə iradını bildirsə də, A.Nemətov intizamsız hərəkətərinə davam etdirib.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidməti Bölməsinin əməkdaşları onu saxlayıb. Aparılan araşdırma zamanı məlum olub ki, BMW markalı 10 NU 800 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ətrafda olan insanların narahatlığına səbəb olacaq dərəcədə avtomobilin səs boğucu normativ tələblərini pozmaqla dəyişdirilmiş halda idarə edib və ciddi narahatlıq yaradıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 3 gün müddətinə inzibati həbs edilib.
Əhməd
Şərhlər