Xəbər lenti

Azərbaycan Roma Statutu ilə Sarkisyanla Koçaryanı tələb edə bilərmi? - Hüquqşünas
Siyasət 14:43 04.10.2023

Azərbaycan Roma Statutu ilə Sarkisyanla Koçaryanı tələb edə bilərmi? - Hüquqşünas

"Roma Statutuna qoşulmadan da Azərbaycan Ermənistandan Serj Sarkisyan, Robert Koçaryan və digər caniləri tələb etmək hüququna malikdir”.
 
Bunu Qaynarinfo-ya hüquqşünas Qulamhüseyn Əlibəyli "növbəti mərhələdə Azərbaycan Ermənistandan Sarkisyan və Koçaryanı tələb edə bilərmi" sualını şərh edərkən deyib. 

Qulamhüseyn Əlibəyli bildirib ki, Azərbaycan həmin şəxslərin törətdikləri cinayəti lazımi qaydada rəsmiləşdirməklə, barələrində beynəlxalq axtarış elan edib və digər dövlətlərə, o cümlədən Ermənistana təqdim edə bilər: 

"Bu, hüquqi yoldur. Cinayətkarların verilməsi ilə bağlı Avropa Konvensiyası var. Ermənistanın Roma Statutunu təsdiqləməsini gözləmək lazım deyil. Azərbaycan, Ermənistan, bir çox Avropa dövlətləri də bu konvensiyanın üzvüdülər. Ermənistanın bu hərbi caniləri özünün Azərbaycana təqdim edəcəyi inandırıcı görünmür”. 

Hüquqşünas qeyd edib ki, cinayətkarların təhvil verilməsi ilə bağlı başqa qaydalar da mövcuddur: 



"Həmin qaydalar sistemi beynəlxalq axtarışa verməkdən, bu şəxsləri olduqları dövlətlərdən tələb olunmasından ibarətdir. Buna görə də biz bütün hallarda hüquqi prosedurları keçməli və təqdim etməliyik. Bunun üçün Roma Statutuna qoşulmağa ehtiyac yoxdur. Roma Statutu sadəcə bir sıra beynəlxalq xarakterli cinayətlərə görə məsuliyyəti müəyyən edir”. 
 
Azərbaycan bu cinayətkarların verilməsini tələb edərsə, bununla bağlı beynəlxalq rəyin də necə ola biləcəyi haqqında da danışan Qulamhüseyn Əlibəyli hesab edir ki, hansısa ciddi beynəlxalq reaksiya ilə qarşılaşmarıq: 

"Son proseslər göstərir ki, Azərbaycan həmin şəxslərin törətdiyi cinayətləri kifayət qədər əsaslı qaydada rəsmiləşdirib. Həbslər, Beynəlxalq Cinayət Məhkəsinə müraciətlə bağlı olan məsələlər, Avropa Məhkəməsinə müraciət olunan məsələlərin rədd olunması, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti ilə bağlı məsələlərin rədd olunması onu göstərir ki, Azərbaycan bütün bunları beynəlxalq hüquqa uyğun qaydada rəsmiləşdirib. Bu halda hesab edirəm ki ciddi siyasi reaksiya gözləməyə dəyməz. Biz cinayətkarları tələb edirik və həmin şəxslər törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. Çünki onlar insanlıq əleyhinə, hərbi cinayətlər törədiblər və cinayətlərin törədilməsi vaxtından asılı olmayaraq istənilən zaman cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->