Xəbər lenti

Avrointeqrasiya məsələsi: Moldova dövləti və xalqı uduzdu (ŞƏRH)
Dünya 15:12 21.10.2024

Avrointeqrasiya məsələsi: Moldova dövləti və xalqı uduzdu (ŞƏRH)

"Referendumun nəticələrinin qərbpərəstlərin istəyinə uyğun olmaması  Moldovadakı avrointeqrasiyaya qarşı çıxan etniklərin referendumda aktiv olması ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Moldovada başa çatan prezident seçkiləri və referendumun nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, Moldovada keçirilən prezident seçkiləri və avrointeqrasiya ilə bağlı referendumun nəticələrinin öncədən proqnozlaşdırılanların əksinə gerçəkləşməsinin başlıca səbəbi seçicilərin əksər hissəsinin prosesi boykot etməsidir:

"Belə ki, referendumda seçicilərin 43, prezident seçkilərində isə 50 faizi iştirak edib. Referendumda iştirak edənlərin yarıdan çoxunun avrointeqrasiyaya "yox” deməsini isə Moldovada yaşayan etniklərin həmin prosesdə maraqlı olmaması ilə izah etmək olar. Ölkədə yaşayan Qaqauz türkləri Moldovanın Rumıniyaya birləşəcəyi təqdirdə, öz müstəqilliklərini elan edəcəklərini bəyan ediblər. Habelə, Moldovada yaşayan çoxsaylı rus əhalisi də ölkənin avrointeqrasiyasında maraqlı deyillər. Moldovanlar isə əksəriyyətlə Qərbə inteqrasiyada maraqlı olsalar da, səsvermədə zəif iştirak ediblər. Həmçinin, Qərbyönümlü siyasi qüvvələr də seçkilərə vahid cəbhə ilə deyil, öz namizədlərilə getdiyindən səsvermədə istənilən nəticəni əldə edə bilməyiblər".
 


Prezident seçkilərinin ikinci turuna gəlincə, həmsöhbətimiz düşünür ki, hazırkı prezident Maya Sandunun qalib gəlmək şansları daha yüksəkdir:

"Yəni qərbyönümlü siyasi qüvvələr yenə də qələbə çalacaqlar. Amma avrointeqrasiya məsələsində isə Moldova dövləti və xalqı uduzub".

Politoloq qeyd edir ki, belə nəticələr hazırkı mərhələdə Rusiya üçün qənaətbəxşdir:

"Çünki referendumun qərbyönümlü qüvvələrin istəyinə uyğun baş tutması fonunda Rusiya Moldovanı da tamamilə itirə bilərdi. Lakin bu seçki və referendum Moldovada prosesin sonu demək deyil, əksinə prosesin növbəti yeni mərhələyə keçididir. Çünki Moldovadakı qarşıdurma ölkə daxilindəki qərbpərəstlərlə rusiyapərətslərin mübarizəsi deyil, Qərblə Rusiyanın özünün mübarizəsidir. Qarşıdakı günlərdə bu mübarizənin daha acınacaqlı formasını Gürcüstanda yaşayacağıq".

Qeyd edək k, bazar günü Moldovada keçirilən prezident seçkilərinin nəticəsi bəlli olub. Hazırkı prezident Maya Sandu səslərin təxminən 98%-nin hesablanmasından sonra 41.83% səslə liderdir. 

Rusiyapərəst Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo 26.36% səs toplayıb və o, Sandu ilə ikinci turda yarışacaq. Üçüncü yeri tutan namizəd Renato Usatı isə 13.77% səs toplayıb.

Referendumun nəticələri isə qərbpərəstlərin marağına uyğun olmayıb. Prosesdə iştirak edənlərin yarıdan bir qədr çoxu Moldovanın avrointeqrasiyasına qarşı çıxıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->