Ölkədə boşanmaların sayı artdığı kimi, alimentin verilməməsi ilə bağlı şikayətlər də bitib-tükənmir. Anlaşmalı boşana bilməyənlərin bir qismi keçmiş ərini, digərləri isə keçmiş xanımını bu maddi vəsait üzündən ittiham edir.
Sosial şəbəkələrdəki hüquq qruplarında, ailə-məişət məzmunlu paylaşımlarda daha çox qadınlar əks cinsin alimentdən yayınmasından, yaxud ödənməli aliment borcunun silinməsindən şikayətlənirlər.
Maraqlıdır, bəs, hansı halda şəxsin aliment borcu silinə bilər? Hüquq bu barədə nə deyir?
Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafazadənin sözlərinə görə, qanunvericilikdə borcun silinməsinə dair əsaslar var:
"Hazırda aliment borcu ilə bağlı məsələlər çox aktualdır. Qanunvericilikdə aliment borcunun silinməsinə dair əsaslar nəzərdə tutulub. Bu əsaslar nə ilə bağlıdır? İttiham olunan şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması, alimentlə bağlı qərarı bilməməsi, yaxud, bunun şəxsin günahı üzündən baş verməməsi və ya onu icra edə bilməsi halları var. Bu cür və ya digər məntiqli, əsaslı hallarla bağlı məhkəməyə müraciət edib həmin aliment borcunun silinməsini xahiş etmək olar.
Məhkəmə də öz növbəsində, bu arqumentləri araşdıracaq. Aydınlaşdıracaq ki, borcun toplanmasına səbəblər nədir, bunun əsası varmı?! Əgər irəli sürülən səbəblər əsaslı hesab edilərsə, həmin aliment borcunun tam və ya qismən silinməsinə qərar verilə bilər".
Şərhlər