ABŞ-ın Delaver Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin "Tesla” şirkətinin baş icraçı direktoru İlon Maskın 2018-ci ilə aid maaş paketinin ləğv olunması barədə qərarını ləğv edib.
Qaynarinfo xəbər ki, qərar mətnində aşağı məhkəmənin maaş paketinin ləğvinə dair qərarının qüvvədən düşdüyü, həmçinin 1 dollarlıq simvolik təzminatın ödənilməsinə hökm edildiyi bildirilib.
Mətnə əsasən, ləğv qərarının "həddindən artıq” olduğu vurğulanıb və belə bir addımın yalnız "açıq şəkildə zəruri” olan hallarda atıla biləcəyi qeyd edilib.
Delaver məhkəməsinin hakimi Ketlin MakKormik ötən ilin yanvarında "ağlasığmaz məbləğ” olduğu və "şirkətin idarə heyəti tərəfindən ədalətsiz şəkildə müəyyən edildiyi” əsasları ilə İlon Maskın təxminən 56 milyard dollar dəyərində olan maaş paketinin ləğvinə yol açan qərar qəbul etmişdi.
Məsələ ilə bağlı X şirkətinə məxsus sosial media platformasında paylaşım edən İlon Mask "Şirkətinizi heç vaxt Delaver ştatında qurmayın” yazıb və daha sonra isə şirkəti Texas ştatına köçürmək planını açıqlamışdı.
"Tesla”nın səhmdarları ötən ilin iyununda Maskın ləğv edilmiş milyardlarla dollarlıq maaş paketi və şirkətin Texas ştatına köçürülməsi ilə bağlı təkliflərin lehinə səs vermişdi.
Hakim MakKormik həmin ilin dekabrında, "Tesla”nın illik səhmdarlar toplantısında bu məsələlərin səsvermə yolu ilə qəbul edilməsinə baxmayaraq, Maskın maaş paketinin ləğvi ilə bağlı qərarını bir daha təsdiqləmişdi.
Qeyd olunur ki, ötən ilin əvvəlində təxminən 56 milyard dollar dəyərində olan ödəniş paketinin "Tesla” səhmlərinin bahalaşması fonunda 100 milyard dolları keçdiyi ehtimal edilir.
Aydın
Şərhlər