Xəbər lenti

Dünya 19:21 29.07.2024

"Yeni savaş İsrailin xeyrinə deyil" - Ekspert

"Bölgədə vəziyyət heç də yəhudi dövlətinin xeyrinə deyil. Digər tərəfdən Livanın timsalında yeni cəbhənin açılmasında İran maraqlıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin baş naziri Benyamin Netanyahunun Livanla sərhəddəki vəziyyətlə bağlı milli təhlükəsizlik məsələləri üzrə nazirlərin iclasını toplamasını şərh edərkən deyib.

"Qolan yüksəkliyində baş verən insidentdən sonra İsrail siyasi dairələrində Livanla müharibənin qaçılmaz olduğu və "Hizbullah"ı tamamilə məhv etməyin zamanının çatdığı barədə artıq həyəcan təbili çalınmağa başlandı. Amma hələ ki, raket atəşinin "Hizbullah" tərəfindən atıldığı rəsmi olaraq təsdiq olunmayıb. "Hizbullah" bunu etmədiyini deyir. İsrail isə bunun məhz "Hizbullah" tərəfindən atıldığını bildirir. İsrail ordusunun sözçüsü də bu  yaxınlarda qeyd edib ki, həlledici müharibənin sonu yaxınlaşır və "Hizbullah" məhv edilməlidir", deyə Rufiz Hafizoğlu bildirib.
 


Ekspertin fikrincə, bölgədəki vəziyyət əslində İsrailin iddia etdiyi və düşündüyü kimi, heç də yəhudi dövlətinin xeyrinə deyil:

"Onun əsas hədəflərindən biri əsirlərin geri qaytarılması və HƏMAS-ın məhv edilməsi olan əməliyyat idi. Amma 10 aya yaxındır müharibə başlasa da, ortada ciddi nəticə yoxdur. HƏMAS-ın əsas aparıcı rəsmilərini hələ də məhv edilməyib. Hədəflərinə tam nail olmayan İsrailin yeni cəbhə açması əslində onun üçün faciəvi nəticə verə bilər". 

Həmsöhbətimiz düşünür ki, mövcud vəziyyətdə yeni cəbhənin açılmasında maraqlı olan ilk dövlət İrandır:

"Hazırda İsraildə siyasi və daxili problemlər yaşanır. Bu baxımdan, yeni cəbhənin açılmasında İran maraqlıdır. İran prezident seçkilərinin başa çatmasını gözləyirdi. İranda qismən olsa olsa da, stabillik əldə olundu. Mövcud vəziyyətdən yararlanmaq istəyən İran da İsrailə maksimum zərbə endirmək istəyir. Müharibə söhbəti özü də sadəcə Livanla bitməyəcək. Bu mənada münaqişə olsa təkcə Livan ərazisində olmayacaq. Arealı daha geniş olacaq. Odur ki, indiki halda müharibənin genişlənməsi İranın maraqlarına xidmət edir". 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik məsələləri ilə bağlı nazirlərin iclasını çağırıb. Məlumata görə, əsas hökumət nazirlərinin iştirakı ilə keçirilən görüş Livanla sərhəddəki vəziyyətlə bağlı olub. Bundan əvvəl Netanyahu bildirib ki, "Hizbullah" hərəkatı Qolan təpələrinə raket hücumuna görə böyük bədəl ödəyəcək. 

Xatırladaq ki, ötən gün  İsrailin nəzarətində olan Qolan təpəsindəki Macdal-Şəms şəhərindəki futbol meydançasına atılan raket atəşi nəticəsində 12 nəfər ölüb. Bu arada Norveç, Fransa və Belçika hökumətləri öz vətəndaşlarına çağırış ediblər ki, təcili olaraq Livan ərazisini tərk etsinlər. ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, bütün izlər həmin hadisənin arxasında "Hizbullah"ın dayandağını göstərir: "İsrailin öz vətəndaşlarını terror  hücumlarındam müdafiə etmək hüququnu dəstəkləyirik".

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->