Xəbər lenti

Yaxın Şərqdə gərgin oyun:
Dünya 20:28 06.06.2024

Yaxın Şərqdə gərgin oyun: "İsrail Livana hücum etsə, dünya nizamı pozular"

"İsrailin mövcud durumda Hizbullaha müharibə elan etməsi bölgədə yeni-yeni oyunçuları da fəallaşdıracaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsrailin Livana hücum etmək istəyini şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, İsrail Qəzzada öz məqsədlərinə nail olmayıb:

"HƏMAS həm müqaviməti davam etdirir, həm də faktiki olaraq İsrailin zərbələri əsasən mülki insanlara zərər verir. Qəzza humanitar fəlakət yaşayır. Beynəlxalq aləmdə bir Fələstin fırtınası əsir. Mövcud qlobal nizamdan narazı olan dövlət və cəmiyyətlər Fələstini tanımaq istiqamətində yeni-yeni addımlar atır. Hizbullah isə İran istehsalı raketlərlə artıq Dəmir Qübbəni dəlir. Regionda çox gərgin oyunlar gedir".
 


Ekspert hesab edir ki, İsrailin belə bir vəziyyətdə Hizbullaha da müharibə elan etməsi bölgədə yeni-yeni oyunçuları fəallaşdıracaq:

"Hizbullah 2006-cı il müharibəsində İsraili faktiki məğlub edən assimetrik oyunçudur. Amerikalılar qorxur ki, Hizbullahın yerüstü əməliyyatlara girməsi İranın sahəyə enməsi demək olar. İran sahəyə enərsə, Türkiyə onu arxa baxçadan dəstəkləyə bilər. Çünki ortaq problemləri var. Məsələn, Qərbin kürd xalqından öz məqsədləri üçün istifadə etməyə çalışması. Əlbəttə, kürd xalqını PJAK, PYD, PKK ilə eyniləşdirmək olmaz. Sadəcə, Qərb bundan yararlanmaq istəyir. Daha sonra İsraillə hər iki dövlətin problemləri mövcuddur".

Ekspertə görə, İsrail Qəzza əməliyyatının nəticə vermədiyi təqdirdə, ABŞ-ı da prosesə qatmaq üçün Livana hücum edə bilər:

"Burada İsrail və ABŞ-ınfikirləri fərqlidir. Amerikalılar qlobal müharibənin indi başlamasını istəmir. Çünki Rusiya ilə Ukrayna uğrunda ciddi savaşdadır. İsrailin daxilində də fikir ayrılıqları mövcuddur. Mövcud hökümət müharibəni dayandırsa, israillilər ondan hesabat istəyəcək. Ona görə amerikalılar İsrailin onları yeni problemə cəlb etməsini istəmir. Mövcud dünya nizamının mərkəz nöqtəsi Yaxın Şərqdir. Orada daşlar dəyişsə, dünya nizamı da dəyişəcək".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatının əleyhinə olduğunu bildirib. Gündəlik mətbuat konfransında danışan Dövlət Departamentinin rəsmisi Metyu Miller İsrailin şimal sərhədində Hizbullahla artan gərginliyinə münasibət bildirərək hər kəsin hazırda Qəzzada atəşkəsə nail olmaq üçün çalışdığı bir vaxtda Təl-Əvivin şimal sərhədində Hizbullahla yeni münaqişəyə girməsinin İsrailə və bölgədəki digər aktorlara fayda verməyəcəyini vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->