Yaşından asılı olmayaraq, hər bir insanın orqanizmi bərpa prosesi üçün yuxuya ehtiyac duyur. Yuxu zamanı əzələlər bərpa olunur, toxumalar yenilənir, zülallar sintez olunur və hormonlar ifraz edilir.
Qaynarifno xəbər verir ki, ABŞ nəşri "Prevention" yaxşı yatmaq üçün ən faydalı 9 qidanı açıqlayıb.
"Qidalanma yuxu dövrlərinin tənzimlənməsində və onun keyfiyyətində mühüm rol oynayır", deyə "Clearcreek Nutrition and Wellness Co" şirkətinin diyetoloqu Kortni Kou bildirib.
Albalı - Turş albalı şirəsi melatonin hormonunun təbii mənbəyidir. Bu hormon yuxu və oyaqlıq dövrlərini tənzimləyir. Dietoloq məsləhət görür ki, süni əlavələr əvəzinə bir stəkan albalı şirəsi içərək onun yuxuya təsirini müşahidə edin.
Qoz-fındıq və tumlar - Miqdarında maqnezium olan badam, keşyu və balqabaq tumları əzələlərin boşalmasına və rahat yuxuya kömək edir. Onlar həmçinin qan şəkərinin gecə boyu sabit qalmasını təmin edən faydalı yağlarla zəngindir. Balqabaq tumu tərkibindəki triptofan sayəsində serotonin istehsalını stimullaşdırır — bu isə insanın sakitləşməsinə və əhvalın yüksəlməsinə səbəb olur.
Hind toyuğu - Hind toyuğunun ətində də triptofan var. Bu amin turşusu neyromediatorların istehsalına kömək edir və orqanizmin yuxuya hazırlaşmasına şərait yaradır.
Süd məhsulları - İsti südün yuxuya kömək etməsi uzun illərdir məlumdur. Süd məhsulları tərkibindəki triptofan sayəsində beyində serotoninin səviyyəsini artırır və rahatlama yaradır. Onlardakı kazein adlı zülal isə yavaş həzm olunur və gecə ərzində əzələlərin bərpasına, eləcə də qan şəkərinin sabit qalmasına şərait yaradır.
Çobanyastığı çayı - Çobanyastığı tərkibindəki apigenin antioksidantı ilə beyindəki reseptorlarla qarşılıqlı təsir göstərərək yuxululuğu artırır. 2024-cü ildə "Complementary Therapies in Medicine" jurnalında dərc edilən araşdırma göstərib ki, çobanyastığı insanlara daha tez yatmağa və gecə oyanma hallarını azaltmağa kömək edir.
Yumurta - Yumurta triptofanla zəngindir — bir yumurta bu amin turşusunun gündəlik tələbatının təxminən dörddəbirini təmin edir.
Kinoa - Kinoanın tərkibi südlə oxşardır: həm triptofan, həm də yüksək keyfiyyətli zülal mənbəyidir. Süd məhsullarını sevməyənlər üçün kinoa axşam yeməyi üçün ideal seçim ola bilər.
Balıq - Ton balığı, skumbriya və qızılbalıq kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr triptofanın serotoninə çevrilməsini sürətləndirir və yuxunun dərinləşməsinə yardım edir.
Tünd şokolad - Tünd şokolad da omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir. "Nutrients" jurnalında dərc olunmuş araşdırmaya görə, səhərlər qəbul edilən şokolad orqanizmin bioloji ritmini tarazlaşdırır və maddələr mübadiləsinə müsbət təsir göstərir.
Aydın
Şərhlər