Xəbər lenti

Vuçiç erkən seçkiyə gedir:
Dünya 14:11 29.12.2025

Vuçiç erkən seçkiyə gedir: "O, müxalifətin gücündən çəkinmir"

"Serbiya prezidenti müxalifətin təzyiqi ilə parlament seçkilərinə gedirsə, deməli, müxalifətin gücündən çəkinmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Serbiya prezidenti Aleksandr Vuçiçin növbəti parlament seçkilərinin 2026-cı ildə keçiriləcəyini elan etməsi fonunda müxalifət və hakim partiyanın qalib gəlmə şanslarını dəyərləndirərkən deyib. 

Politoloqun fikrincə, Vuçiç seçkilərə getməklə əslində müxalifətin arqumentlərini neytrallaşdırmağa çalışır: 

"Müxalifətin uzun müddətdir mitinqlər keçirməsinə və iğtişaşlar törətməsinə baxmayaraq, Vuçiç onların qarşısında geri çəkilmir. Görünən odur ki, prezident müxalifətin arqumentlərini məhv etmək üçün parlament seçkilərinə gedir və öz gücünə əmindir. Vuçiçin Avropada sevilməyən siyasi fiqur olması, eyni zamanda Putini açıq şəkildə dəstəkləməsi də nəzərə alınsa, müxalifətin böyük ehtimalla Avropa İttifaqı tərəfindən koordinasiya edildiyini söyləmək olar".
 


Ekspert hesab edir ki, Rusiyanın Ukrayna müharibəsində mövcud şərtlər daxilində üstünlük qazanması Vuçiç və Putini dəstəkləyən Orban kimi siyasi liderlərin mövqelərini daha da gücləndirəcək: 

"Müxalifət liderlərinin maddi və təşkilati bazası Vuçiçlə müqayisədə zəifdir. Bununla yanaşı, Vuçiçin xalq arasında nüfuzu da  yüksəkdir. Onun apardığı enerji siyasəti nəticəsində serblərin sosial durumu Avropa İttifaqının bir sıra ölkələri ilə müqayisədə daha yaxşıdır. Azərbaycan da Serbiyanın qazla təminatında mühüm rol oynayır. Hesab edirəm ki, seçkilər yaxın müddətdə keçirilərsə, Vuçiçin partiyasının yenidən qalib gəlməsi ehtimalı yüksəkdir".

Qeyd  edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç parlament binası qarşısında keçirilən mitinqdə növbədənkənar parlament seçkilərinin 2026-cı ildə keçiriləcəyini elan edib. Bu barədə Serbiyanın "Blic" nəşri məlumat yayıb. 

Hələlik seçkilərin dəqiq  tarixi açıqlanmayıb. Vuçiç onların "ilin sonunda, bəlkə də daha tez” keçirilə  biləcəyini bildirib. 

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri Serbiyada bir ildən artıqdır davam edən müxalifət etirazlarının əsas tələblərindən biridir. Etirazlar 2024-cü ilin  noyabrında Novi Sad dəmir yolu vağzalında dam örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olduğu faciədən sonra başlayıb. 

Rüfət Sultan

--> -->