Xəbər lenti

Siyasət 14:00 11.07.2025

"Vasitəçilərsiz görüşlərin keçirilməsi sülh üçün real təminatdır" - Deputat

"Bir daha aydın oldu ki, vasitəçisiz görüşlə daha uğurlu nəticələr əldə etmək mümkün olur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşü şərh edərkən deyib.

Hikmət Babaoğlu bildriib ki, Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında Əbu-Dabidə keçirilən dünənki görüş ikitərəfli və vasitəçisiz görüş kimi yadda qaldı:

"Ümumiyyətlə, görüşün formatı və davam edən proses diplomatiya tarixində çox az rast gəlinən format idi. Öncə iki ölkənin nümayəndə heyətləri görüşdülər. Sonra iki liderin təkbətək görüşü, nəhayət sonda nümayəndə heyətlərilə birlikdə növbəti görüş oldu. Əslində görüş 3 hissədən ibarət keçirildi. Birinci hissədə ümumi vəziyyətin dəyərləndirilməsi, razılığın əldə olunmasına diqqət ayrıldı. İkinci hissədə isə liderlər arasında danışıqların detalları müzakirə olundu. Üçüncü hissədə isə müvafiq siyasi komandaya uyğun istiqamətlər üzrə tapşırıqlar verildi. Yəni sözün həqiqi mənasında tam həcmli və dövlətlərarası münasibətlər istiqamətində atılan addımlar kimi yadda qaldı".
 


Görüşə Rusiya və ABŞ-ın reaksiyalarına gəldikdə isə deputatın fikrincə, görüş onlar tərəfindən də təqdir olunubsa, həmin dövlət rəsmiləri tərəfindən verilən açıqlamalar da təqdir oluna bilər:

"ABŞ və Rusiya dünya siyasətini müəyyən edən ölkələrdəndir. Onlar Azərbaycanla Ermənistan arasında 30 ildən çox sürən münaqişənin bu şəkildə konstruktiv məcraya yönəlməsini təqdir etməyi özlərinə borc hesab ediblər. Əsas odur ki, görüş müdaxiləsiz, tərəfsiz keçirildi. Regionda öz maraqlarını diktə etmək istəyən güclər burada yox idilər. Bu isə uzun müddətli etimadlı sülh üçün daha yaxşı əsaslar yaradacaq".

Qeyd edək ki, dünən Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub. 5 saata yaxın davam edən görüş liderlərin təkbətək formada, həm də digər nümayəndələrin iştirakı fonunda baş tutub. 

Əsas məsələlərdən biri də görüşün kənar vasitəçilər və onların müdaxiləsi olmadan keçirilməsidir. Maraqlı məqamlardan biri də Rusiyanın görüşə münasibətidir ki, ilkin reaksiyadan bunun müsbət olduğu görünür. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışladığını bəyan edib: "Rusiya Ermənistan və Azərbaycan arasında bu gün Əbu Dabidə keçirilən birbaşa dialoqu alqışlayır".

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək və Moskva bu prosesi dəstəkləyir: "Dəfələrlə müxtəlif səviyyələrdə demişik ki, sülh müqaviləsinin imzalanmasına sürətli çıxışı alqışlayacağıq. Məhz sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh gətirəcək çox vacib bir amilə çevriləcək. Bu prosesi tam dəstəkləyirik".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->