Xəbər lenti

Ukraynada sülhə olan ümidlər sönür, hər şeyi Tramp və Putinin görüşü həll edəcək
Dünya 10:58 16.05.2025

Ukraynada sülhə olan ümidlər sönür, hər şeyi Tramp və Putinin görüşü həll edəcək

Ukraynada döyüş əməliyyatlarının dayandırılmasına dair ümidlər sarsılıb. 

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Rusiya rəhbəri Vladimir Putinin İstanbul danışıqlarına şəxsən qatılmaması və aşağı səviyyəli nümayəndə heyəti göndərməsi bu ümidlərin azalmasına səbəb olub.

Hazırda beynəlxalq ictimaiyyətin diqqəti ABŞ Konqresində müzakirəyə çıxarılan təşəbbüslərə yönəlib. Bu təşəbbüslər arasında Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün yeni sanksiyaların tətbiqi də var.

ABŞ dövlət katibi Marko Rubio İstanbulda keçiriləcək danışıqlardan ciddi nəticə gözləmədiyini bildirib. Onun fikrincə, Tramp ilə Putinin birbaşa görüşü olmadan irəliləyişə ümid etmək mənasızdır.

Rubio cümə günü İstanbula yollansa da, əsas danışıqlarda iştirak etməyəcək. O bildirib ki, ABŞ-ı "uyğun səviyyəli" başqa bir rəsmi şəxs təmsil edəcək, çünki Rusiya yalnız aşağı vəzifəli nümayəndələr göndərib. Rubio öz növbəsində Ukrayna diplomatları və Türkiyənin xarici işlər naziri Hakan Fidanla ayrıca görüşlər keçirməyi planlaşdırır.

NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyadakı görüşündən sonra Rubio deyib:

"Dürüst desəm, hesab etmirəm ki, biz burada nəyəsə nail olaq. Ta ki, prezident Tramp prezident Putinlə üzbəüz görüşüb, gələcək niyyətlərini aydınlaşdırana qədər".

Bu fikirlər Trampın daha əvvəl verdiyi açıqlamalarla səsləşir. O da cümə axşamı qeyd edib ki, "heç nə baş verməyəcək", ta ki onun Putinlə görüşü baş tutana qədər.

NATO danışıqlarında iştirak edən Avropa diplomatları dialoqun pozulmasında Putini ittiham edirlər. Onlar hesab edirlər ki, Rusiyanın aşağı səviyyəli nümayəndə heyəti göndərməsi ciddi yanaşmanın olmadığını göstərir. Ukrayna prezidenti Vladimir Zelenski isə müdafiə naziri Rustəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyətinin danışıqlarda iştirakını təsdiqləyib və Rusiyanın iştirakını "uydurma" adlandırıb.

NATO çərçivəsində keçirilən görüşlər ABŞ və Avropaya Ukrayna ilə bağlı birgə mövqe formalaşdırmaq imkanı verib. Bu, ötən həftəsonu Avropa liderlərinin Rusiyaya atəşkəs tələbi ilə verdiyi ultimatumdan sonra baş verib. Tramp isə bu təşəbbüsü açıq şəkildə dəstəkləməyib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani Rubio ilə görüşdən sonra bildirib:

"Biz hamımız sanksiyalar tətbiq edərək Putinin diqqətini iqtisadi məsələlərə yönəltməyə çalışırıq".

Hazırda əsas sual Tramp ilə Putinin mümkün görüşünün tarixi və ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı qərarıdır. Rubio bildirib ki, növbəti addımlar Trampın Yaxın Şərq səfəri başa çatdıqdan sonra müəyyənləşəcək. Son günlər nə o, nə də Tramp sanksiyalar barədə danışıb.

Senator Lindsi Qrem isə əgər Kreml ciddi sülh danışıqlarına getməzsə, Rusiya enerji daşıyıcılarını alan ölkələrə qarşı sərt sanksiyalar və tariflər nəzərdə tutan qanun layihəsi təqdim edib. Bu sənəd hər iki partiyadan təxminən 80 senator tərəfindən dəstəklənib və qəbul olunma ehtimalı yüksəkdir.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Viker bildirib ki, Tramp administrasiyasından bu təşəbbüsə dəstək verəcəyinə dair siqnal gözləyir:

"Prezident Putin sülh istəmir... Ona qarşı güclü hərbi güc və iqtisadi reallığın sərt dozası lazımdır".

Moskva isə ABŞ-ın atəşkəs təklifini qəbul etmir. Həmin təklif döyüşlərin mövcud mövqelərdə dondurulmasını, Krımın Rusiya ərazisi kimi tanınmasını və sanksiyaların ləğvini nəzərdə tutur. Əvəzində Ukraynaya təhlükəsizlik zəmanətləri və ordusunu inkişaf etdirməyə icazə verilməsi təklif olunur.

Məlumata görə, ABŞ bu plana NATO-Rusiya Şurası formatında məsləhətləşmələrin bərpası məsələsini də əlavə edib. Bu formatda dialoq 2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra faktiki olaraq dayandırılıb.

Putinin kompromisə getmək istəməməsi qismən onunla bağlıdır ki, Rusiya ordusu zəif tempdə olsa da, müharibədə irəliləməyə davam edir. Eyni zamanda, Ukrayna silah və sursat çatışmazlığı ilə üzləşir.

Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqlar 15 may tarixində baş tutmalı idi. Lakin görüş baş verməyib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, mayın 16-sı səhər saat 10-dan etibarən onlar Ukrayna nümayəndə heyətini gözləyəcəklər.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini rəsmi şəkildə təsdiqləyib. Heyətə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Ukraynanı həmçinin xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski təmsil edəcəklər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->