ABŞ-dan veriləcək təhlükəsizlik zəmanətləri Ukrayna üçün sülhə aparan yeganə real yol olaraq qalır – Avropa bunun əksini düşünmək istəsə belə. Çünki Kiyevin Avropadakı müttəfiqləri ABŞ-ın maddi-texniki dəstəyi olmadan hətta çoxmillətli qüvvələrini belə yerləşdirə bilmirlər. Bununla belə, bütün göstəricilər bu məsələdə real gücün Rusiyanın əlində olduğunu göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”
yazır.
Nəşr vurğulayır ki, Budapeşt Memorandumunun iflasını nəzərə alaraq, Vladimir Zelenski hazırkı danışıqlarda bir neçə vacib məqamı diqqətdə saxlamalıdır.
Birincisi, bildirilir ki, Ukrayna prezidenti etibarlı təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin NATO-ya üzvlük ambisiyalarından imtina etməyə hazırdır. Bundan başqa, ümid edilir ki, bu zəmanətlərə 1000 kilometrədək uçuş məsafəsi olan "Tomahawk” qanadlı raketlərinin tədarükü də daxil olacaq. Bu, Ukraynaya Rusiyanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə imkan verər və potensial olaraq Kreml üçün yeni hərbi eskalasiyanın qarşısını ala bilər.
Eyni zamanda Zelenski haqlı olaraq ümid edir ki, icraedici hakimiyyət səviyyəsində bağlanmış Budapeşt Memorandumundan fərqli olaraq, hazırkı öhdəliklər hüquqi baxımdan məcburi olacaq, ABŞ Nümayəndələr Palatası və Senat tərəfindən ratifikasiya ediləcək və daha sonra prezident tərəfindən təsdiqlənəcək.
Belə bir formal ratifikasiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi ölkələrlə olan digər ikitərəfli təhlükəsizlik müqavilələri ilə eyni səviyyəyə çıxaracaq.
"Beləliklə, əgər formal ratifikasiya nəzərdən keçirilərsə, Zelenski bunun Ukraynaya gələcəkdə Konqresə təsir imkanları yaradacağına və güclü, vahid dəstəyin qorunmasına xidmət edəcəyinə ümid edəcək”, – "Politico” qeyd edir.
Lakin nəşrin vurğuladığı kimi, bu halda belə risklər qalır. Belə ki, bu yay NATO sammitinə gedən təyyarədə Donald Tramp "5-ci maddənin çoxlu şərhləri var” demişdi – və bu, doğrudur. NATO-nun 5-ci maddəsi müxtəlif cür yozula bilər və ABŞ-ın Avropa qitəsində üçüncü böyük müharibəyə avtomatik cəlb olunmasının qarşısını almaq üçün qəsdən elastik formada tərtib edilib.
"Bu səbəbdən, xüsusilə də ABŞ-ın 2022-ci ildən bəri Ukraynanın NATO-ya üzvlük yolunu ardıcıl şəkildə blokladığını və müharibədə birbaşa iştirakdan yayınmağı prioritet seçdiyini nəzərə alsaq, Vaşinqtonun Ukrayna ilə bağlı birbaşa müdaxiləyə məcbur edən zəmanətlər təqdim edəcəyi şübhə altındadır”, – deyə məqalədə bildirilir.
Bundan əlavə, ABŞ və Rusiya arasında ikitərəfli təmaslar Avropa və Ukrayna ilə paralel şəkildə davam etdiyi üçün, Putinin mövqeyi – kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq – həlledici olacaq, nəşr vurğulayır.
Rusiya ABŞ-la Avropanın təhlükəsizliyi üzrə daha genişmiqyaslı razılaşma istəyir və bunu ilkin 28 maddəlik "sülh planı” ilə açıq şəkildə nümayiş etdirib. Putin hələ də maksimalist tələblərindən geri çəkilmədiyi üçün, Rusiyanın nəyə razı olacağı qeyri-müəyyən olaraq qalır.
"Nəticə etibarilə, Zelenski Amerikanın təhlükəsizlik zəmanətlərini nə qədər güclü hesab etsə də, onların real davamlılığı yenə də Putinin bu zəmanətləri necə şərh etməsindən asılı ola bilər”, – "Politico” yazır.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müharibəni bitirmək üçün həm Rusiya, həm də Ukrayna kompromislərə getməlidir. Onun sözlərinə görə, münaqişənin başa çatması üçün hər iki tərəf "nədənsə imtina etməli olacaq” və ABŞ "hər iki tərəfin nəyə hazır olduğunu” araşdırır.
Bu arada Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov Vaşinqtonun planına təklif edilən düzəlişlərin Ukraynadakı münaqişəni uzada biləcəyini bildirib.
Alpər
Şərhlər