Xəbər lenti

Türkiyə-Suriya barışığı: Şərtsiz danışıqlar mümkündürmü? (ŞƏRH)
Dünya 21:45 29.08.2024

Türkiyə-Suriya barışığı: Şərtsiz danışıqlar mümkündürmü? (ŞƏRH)

"İndiki vəziyyətdə irəliyə doğru müəyyən qərarların alınması üçün əsaslar yaranıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Suriya prezidenti Bəşər Əsədin Türkiyə ilə heç bir şərt olmadan danışıqlara başlamağa hazır olduğu barədə fikirlərini şərh edərkən deyib. 

"Suriya haqqında və burada cərəyan edən hadisələrin gedişi barədə fikir söyləyəndə kifayət qədər diqqətli olmaq lazımdır. Çünki həmin region çox mürəkkəb bir zonadır. Burada Avropa İttifaqı, ABŞ, Türkiyə kimi dövlətlərin ayağı palçığa batıb. Rusiyada burada dəfələrlə ciddi çətinliklərlə üz-üzə qalıb. Bəşər Əsəd də görünməmiş bir dirəniş göstərib", deyə Arif Əliyev bildirib.
 


Həmsöhbətimiz deyib ki, uzun müddət bir-birilərini qəbul etməyən liderlər heç bir şərt irəli sürmədən görüşə razıdırlarsa, deməli, onlar artıq müəyyən kompromislərə də hazırdırlar: 

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə heç bir danışıqların olmayacağını dəfələrlə söyləyib. Əsəd də öz növbəsində söyləyib ki, Ankara ilə danışıqlar yalnız Türkiyə qoşunları Suriyadan çıxandan sonra mümkündür. Lakin indiki halda hər iki tərəfin danışıqlarla bağlı razılıq bildirməsi onu göstərir ki, bu müstəvidə başqa diplomatik təmaslar da olub və müəyyən düşüncələr var. Ona görə də düşünürəm ki, indiki vəziyyətdə irəliyə doğru müəyyən qərarların alınması üçün əsaslar yaranıb". 
 


Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə münasibətlərin normallaşma istiqamətində danışıqlara başlamağa müsbət cavab verib. Əsəd Suriya parlamentində çıxışı zamanı Ankara ilə normallaşma istiqamətində atılan addımlar barədə məlumat verərək deyib ki, danışıqlara başalamaq üçün Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxarılması və "terrorçu qruplara dəstəyin dayandırılması" kimi mövcud vəziyyətə səbəb olan siyasətdən əl çəkilməsi şərt deyil. Əsəd bildirib ki, danışıqlara başalamaq üçün hər iki ölkənin suverenliyini təmin edən və gələcək danışıqların yol xəritəsini müəyyən edən sazişin imzalanması yetərlidir. 

"Türkiyə qüvvələri geri çəkməzsə və ya bunu etməsə, danışıqlara başlamayacağıq demək doğru deyil", deməklə Əsəd Anakara ilə danışıqlara "yaşıl işıq" yandırıb. 

Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan da Dəməşqlə danışıqlara hazır olduğunu bildirmişdi. Ankara ilə Dəməşq arasında danışıqlarda vasitəçi rolunda isə Rusiya çıxış edir. 
 


Ötən gün isə "CNN Türk" məlumat yayıb ki, Türkiyə siyasətçiləri Dəməşq və Ankara arasında münasibətlərin normallaşması və Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılmasının mümkün olacağı dörd şərt müəyyən ediblər. 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin telekanala verdiyi məlumata görə, dövlətlər arasında münasibətlərin normallaşmasının ilk şərti suverenliyi qorumaq üçün Suriyada terrorçulardan xilas olmaqdır. İkincisi, Dəməşq BMT Təhlükəsizlik Şurasının Suriyada siyasi böhranın həllini və atəşkəsi nəzərdə tutan 2254 saylı qətnaməsinin müddəalarını həyata keçirməyə başlamalıdır.

Üçüncü şərt, Suriya hakimiyyətinin ölkədən qaçmış qaçqınların geri qayıtması üçün şərait yaratması, dördüncüsü isə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının nəzarətində olan ərazilərə humanitar yardımların müntəzəm çatdırılmasıdır.

Jurnalistlər vurğulayıblar ki, bütün şərtlər yerinə yetirilmədikcə, münasibətlərin normallaşdırılması üzrə dialoq irəliləyəcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->