Xəbər lenti

Türkiyə BRICS-ə üzv ola bilərmi? (ŞƏRH)
Dünya 16:56 05.06.2024

Türkiyə BRICS-ə üzv ola bilərmi? (ŞƏRH)

"Bu vəziyyətdə hesab etmirəm ki, Türkiyənin BRICS-ə üzv olub-olmaması onun hansısa siyasətində və yaxud ona münasibətdə ciddi dətişikliklərə gətirib çıxarsın”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyənin BRICS-ə üzv olmaq niyyətini şərh edərkən deyib.

A.Əliyev bildirib ki, BRICS yaranandan bəri hələ də amorfluqdan çıxıb hansısa bir yolu tuta bilmir:

”Qurum daxilində onun G7-yə qarşı geosiyasi birlik və ya dövlətlərin iqtisadi ittifaqı olması ətrafında ciddi fikir ayrılığı və mübahisələr hökm sürür. Digər tərəfdən, BRICS-in genişlənməsi məsələsi də təşkilat daxilində narazılıq yaradan məsələlərdəndir. Potensial olaraq BRICS böyük güc və imkana malik olsa da, onu geosiyasi qarşıdurma, yoxsa əməkdaşlıq elementinə çevirmək istədikləri məsələsi hələ də sual altındadır. Burada Hindistanın, Çinin öz yanaşma tərzi var”. 
 


Ekspertin fikrincə, hətta Türkiyənin ora qəbulu məsələsi də müzakirə mövzusudur: 

"Rusiya bunu dəstəkləsə də, Hindistanın, Çinin buna necə münasibət bəsləyəcəyi sual altındadır. Çünki qurumda bəziləri genişlənməyə tərəfdar olsa da, bunu istəməyənlər də var. BRICS üzvləri arasında maraqlar və məsələlərə yanaşma tərzi ciddi şəkildə fərqlidir. Belə fərqlər G7-də də var, amma bu özünü BRICS-də daha qabarıq şəkildə gösətrir”. 

Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan Ankaranın BRICS-ə qoşulmaq istədiyini bəyan edib. Onun dediyinə görə, bu məsələ Rusiyada nazirlər səviyyəsində keçiriləcək toplantıda müzakirə olunacaq. "Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Bu il işlərin necə gedəcəyini görəcəyik”, deyə Fidan Çinə səfəri zamanı bildirib.
 
O, həmçinin qeyd edib ki, gələn həftə Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi səbirsizliklə gözləyir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->