Xəbər lenti

Dünya 22:38 27.08.2024

"Tramp uduzacağını bilir, ona görə də..." - Ekspert

"Belə qeyri-ciddi bəyanatlar səsləndirməsi Trampın noyabr seçkilərində seçilməyəcəyini hiss etməsinin nəticəsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Üzeyir Cəfərov deyib.
 
"Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çətin vəziyyətə düşüb. Buna qədər o, özünü çox rahat hiss edirdi. Çünki rəqibi Co Bayden yaşlı və xəstə idi. Amma Baydenin geri çəkilməsi və vitse-prezident Kamala Harrisin demokratların namizədi olmasından sonra Trampın vəziyyəti əvvəlki kimi heç də yaxşı deyil. Kamala Harris qısa zamanda reytinqini xeyli dərəcədə artıra bilib", deyə Üzeyir Cəfərov bildirib.

Ekspertə görə, belə bir açıqlama Trampın rəqibi Harris qarşısında aciz qaldığına işarədir:

"Ona görə də Tramp əl-ayağa düşüb və müxtəlif yollardan istifadə etməklə reytinqini qaldırmaq istəyir. Onun dövriyyəyə buraxdığı fikirlərdən biri də guya ABŞ-ın hərbi sursatının azalması fikridir. Bununla Tramp demək istəyir ki, hakimiyyətdə olan demokratlar ölkənin müdafiəsini, təhlükəsizliyini düşünmür. Bu kökündən yanlış və dezinformasiya xarakterli bir məlumatdır. ABŞ kimi böyük dövlətin özünü silah-sursatsız saxlaması mümkünsüzdür. ABŞ odrusu heç zaman silah-sursatsız qala bilməz. Tramp ümumiyyətlə son zamanlar bir sıra kobud səhvlərə yol verir. Harrisin şəxsiyyətinə yönəlik təhqiramiz fikirlər səsləndirib. Trampın bu addımı özünə tərəfdarlar qazanmaq, batmaqda olan gəmidən özünü xilas etmək cəhdinə oxşayır. Belə qeyri-ciddi bəyanatlar səsləndirməsi Trampın seçilməyəcəyini hiss etməsinin nəticəsidir".



Həmsöhbətimiz qeyd edir ki, belə davam etsə, Tramp özünü Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə oxşadacaq: 

"Vaşinqton Ukraynaya dəstəyini yenə də davam etdirəcək, amma bu heç də onun silah-sursat arsenalının azlması anlamına gəlməməlidir. ABŞ əvvəlki tək öz qüdrətini qoruyub saxlayır". 

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Prezident Co Baydenin administrasiyasının ABŞ ordusunu Ukraynaya görə sursatsız qoyduğunu iddia edib. "Bizim sursatımız yoxdur, çünki hazırkı hakimiyyət onu Ukraynaya verib. Çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər", deyə o qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->