ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya rəhbəri Vladimir Putinlə görüşün hazırlanması barədə məlumat verib, lakin danışıqların dəqiq tarixi barədə açıqlama verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”
yazır.
Tramp Florida ştatında, öz iqamətgahı olan Mar-a-Laqodakı çıxışı zamanı respublikaçı qubernatorlara bildirib ki, Putin görüşmək istədiyini ifadə edib və hazırda bu görüş üçün hazırlıqlar görülür.
"O, görüşmək istəyir və biz buna hazırlıq görürük", – deyə Tramp bildirib.
Tramp görüşün dəqiq tarixini açıqlamayıb, lakin görüşün müzakirə edildiyini təsdiqləyib.
"Prezident Putin görüşmək istəyir. O, bunu hətta açıq şəkildə bəyan edib və biz bu müharibəyə son qoymalıyıq", –Tramp Ukraynadakı müharibəyə işarə edərək əlavə edib.
Kreml hələlik Trampın bəyanatı ilə bağlı şərh verməyib. Lakin Putinin sözçüsü Dmitri Peskov bir gün əvvəl jurnalistlərə bildirib ki, Tramp 20 yanvar tarixindəki inauqurasiyadan sonra Rusiya rəhbəri ilə əlaqə qurmaq istəyini davam etdirərsə, Moskva bunu alqışlayacaq.
Qeyd edək ki, Donald Trampın nümayəndələri Avropa tərəfdaşları ilə danışıqlarında Ukraynadakı müharibəni tez bir zamanda bitirə bilməyəcəklərini etiraf etsələr də, ölkəyə dəstək verməyə davam edəcəklərini vəd ediblər.
Bundan əvvəl Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi olaraq seçdiyi Kit Kelloq yeni prezidentin inauqurasiyasından sonra ilk 100 gün ərzində hazırkı müharibəyə həll yolu tapmaq məqsədi qoyduğunu bildirib.
Kit Kelloq daha əvvəl müharibənin tərəflərinin mövqelərini dinləmək üçün səfərlər hazırladığını bəyan etmişdi. Həmçinin, onun yanvar ayında Kiyevə gəlməsi gözlənilsə də, səfər təxirə salınıb.
Donald Tramp bundan əvvəl Rusiya-Ukrayna müharibəsinin həlli cəhdlərində "Ukraynanı tək qoymayacağına" dair təminat vermişdi.
Alpər
Şərhlər