Sosial Tədqiqatlar Mərkəzi taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında sosioloji sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsub olan şəxslərdir. Sorğuda taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-nin isə 10 saatdan çox işlədiyi məlum olub. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.
Taksi sürücülərinin 10 saatdan çox sükan arxasında olması onların yorğunluğuna, bəzən isə sükan arxasında yuxulamasına səbəb olur. Bu zaman isə nəticə ya avtomobil qəzası hadisələri, ya da bir və ya bir neçə şəxsin ölümü ilə nəticələnir.
Taksi sürücülərinin iş qrafiki necə olmalıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, taksi sürücülərinin iş qrafiki qanunla tənzimlənməlidir:
"Qanunda deyir ki, taksi sürücüsü normalda 8 saat işləməlidir. Amma beynəlxalq təcrübəyə baxanda görürük ki, taksiləri 12-14 saat işləyən ölkələr var. Bu, normal deyil. Hesab edirik ki, Azərbaycanda 8-10 saat kifayət edir, ancaq burada şirkət və parkların sürücülər üzərində tələblərinə diqqət etmək lazımdır”.
Elməddin Muradlının sözlərinə görə, bəzi park və şirkətlər sürücülər qarşısında elə tələblər qoyurlar ki, bunu yerinə yetirmək çox çətindir:
"Günə 20-25 gediş etməlisən və s. Bunlar ağır tələblərdir. Sürücülər də narazılıq edir ki, qiymətlər aşağıdır, aşağı qiymətə işləyirik, gedişlər qiymətə uyğun deyil, istismar olunuruq. Bu məsələlər özü də haradasa qanunla tənzimlənməlidir. İş və istirahət rejimi ilə bağlı respublikanın qəbul etdiyi qanunlar var və ona uyğun hərəkət etmək lazımdır”.
Ekspert hesab edir ki, bu açıq qalan məsələlər tezliklə həllini tapmalıdır:
"İstirahət məsələsinə diqqət artırılmalıdır. Bəzən sürücülər deyir ki, cavanıq, işləyəcəyik, heç nə olmaz və s. Bu, normal deyil, risk etmək olmaz. Bu gün reallıqlardan danışsaq, görəcəyik ki, taksi sahəsi qəlizdir, onu nizamlamaq həqiqətən ağır prosesdir. Hesab edirəm ki, məsələyə qanunvericilik prizmasından baxılmalıdır”.
Bahar Rüstəmli
Şərhlər