"Bir neçə həftə əvvəl sel suları nəticəsində su altında qalan evlərdən su çəkilsə də, dəyən maddi zərər, nəmişlik və digər problemlər hələ də aktual olaraq qalır. Bu vəziyyət fərdi mənzillərin bazar dəyərinin aşağı düşməsinə səbəb olur".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda həyət evləri və torpaq sahələri üçün mövsüm aktiv olsa da, bu tip əmlaklar bazar qiymətindən xeyli aşağı təklif edilir:
"Əvvəllər bu aylarda torpaq sahələri və fərdi evlər daha çox satılırdı. Lakin baş verən subasma hadisəsi göstərdi ki, vətəndaşlar əmlak alarkən daha diqqətli olmalıdırlar. Subasma riski olan ərazilərin əksəriyyəti yaşayış üçün nəzərdə tutulmamışdı. Bu torpaqlar əsasən əkin-biçin və kənd təsərrüfatı üçün ayrılmış sahələr idi. Həmin ərazilərdə evlərin tikilməsi və kommunikasiyaların düzgün qurulmaması nəticəsində vətəndaşlar bu cür problemlərlə üzləşdilər".
Elnur Fərzəliyev 2024-cü ildə də buna oxşar hadisənin baş verdiyini xatırladıb:
"Bu hadisə mövsümə təsadüf etməmişdi. Daha sonra əmlak bazarında, xüsusilə də həyət evlərinə tələbat artdı. Buna səbəb paytaxtın bəzi ərazilərində aparılan söküntülər idi. Evləri sökülən sakinlərə kompensasiya verildi və onlar da mənzil sahəsinin kiçik olması səbəbindən məcburən daha ucuz həyət evlərinə yönəldilər".
Ekspertin fikrincə, sel sularının yaratdığı bu vəziyyət yaxın zamanda bazarda öz təsirini itirəcək:
"Yaxın dövrdə bu hadisənin təsiri azalacaq və həyət evlərinin satış bazarı yenidən canlanacaq".
Bahar Rüstəmli
Şərhlər