Xəbər lenti

Səfirliyimizə hücum edənin edamında kimlər iştirak edib?
Ölkə 11:40 21.05.2025

Səfirliyimizə hücum edənin edamında kimlər iştirak edib?

"Bu gün səhər saat 05 radələrində Azərbaycanın Tehrandakı Səfirliyində terror hadisəsi törətmiş və oğlumun qatili olan şəxs öz layiqli cəzasını aldı, edam hökmü icra olundu”.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

O bildirib ki, Tehranda keçirilən edam prosesində Azərbaycan Səfirliyinin iki əməkdaşı və bizim tərəfimizdən tutulmuş vəkil də iştirak edib: "Səfirliyin əməkdaşları onun tam ölməsinə əmin olandan sonra oranı tərk ediblər. Təbii ki, bu, bir az bizim ağrımızı yüngülləşdirdi. Çünki bizim ailəmiz özümüzü övladımızın yanında günahkar hiss edirdik ki, onun qatili azadlıqdadır, ölməyib. Bu heç olmasa ağrılarımıza su səpdi. Qatilin edam olunması bizdə təskinlik yaratdı. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. Onun qəti mövqeyi olmasaydı, bu edam hökmü icra olunmayacaqdı. İran tərəfi məsələni uzada-uzada gedəcəkdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Orxan Əsgərov

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycan İrandakı Səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib. Daha sonra, Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Yunis Quliyev


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->