Xəbər lenti

Sarksiyana qarşı daha bir iş məhkəməyə göndərildi - Rüşvətdə ittiham olunur
Dünya 12:00 24.05.2025

Sarksiyana qarşı daha bir iş məhkəməyə göndərildi - Rüşvətdə ittiham olunur

Ermənistanın keçmiş prezidenti Serj Sarksiyana qarşı daha bir cinayət işi məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, Antikorrupsiya komitəsinin məlumatına görə, 2008-ci ilin fevralında baş nazir vəzifəsində çalışdığı dövrdə Sarksyan böyük köməkçisi ilə birlikdə (qeyri-rəsmi məlumatlara görə, bu şəxs eks-prezidentin kürəkəni Mikael Minasyandır) 2,9 milyon dollar məbləğində rüşvət alıb. 

Bildirilir ki, əvəzində onlar Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin 100% səhmlərinin xarici investora satılmasına mane olmamağı öhdələrinə götürüblər.

Cinayət işi istintaqla yekunlaşdırılıb və ittiham aktı ilə məhkəməyə göndərilib.

Serj Sarksyan bundan başqa daha iki cinayət işində də fiqurantdır. Bu işlərdən biri neft məhsulları idxal edən "Fleş" şirkətinə himayədarlıq göstərilməsi, digəri isə Yerevanda yerləşən "Erebuni" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra iş adamı Silva Ambartsumyan bəyan etmişdi ki, müxtəlif illərdə dağ-mədən sektorunda fəaliyyət göstərmək üçün icazə almaq məqsədilə yüksək vəzifəli məmurlara rüşvət verib.

Ambartsumyanın ifadələri əsasında bir neçə cinayət işi açılıb. Bu işlərdə Sarksyanla yanaşı, keçmiş prezident Robert Koçaryan, sabiq baş nazir müavini Armen Gevorkyan, iş adamı Samvel Mayrapetyan və keçmiş ekologiya naziri Aram Arutyunyan da təqsirləndirilən şəxs qismində tanınıblar.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->