Xəbər lenti

Rusiya prezidenti Trampa hipnotik təsir edibmiş -
Dünya 10:05 22.08.2024

Rusiya prezidenti Trampa hipnotik təsir edibmiş - "The Guardian"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 45-ci prezidenti Donald Trampa "demək olar ki, hipnotik təsir” göstərib, onun eqosundan və komplekslərindən istifadə edib. 

Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bu barədə Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri, istefada olan general Herbert Raymond Makmaster yeni məmuarlarında yazıb.

Makmasterin "War With Ourselves: My Tour of Duty in the Trump White House” ("Özümüzlə müharibə: Trampın Ağ Evində xidmət haqqında”) kitabı avqustun 27-də satışa çıxarılacaq, nəşr kitabın bir nüsxəsini əldə edib. 

Makmaster 2017-ci ilin fevralından 2018-ci ilin aprelinə qədər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. 

"Bir ildən çoxdur bu vəzifədə işləyirəm, amma Putinin Trampa niyə bu qədər təsir etdiyini başa düşə bilmirəm”, - O, 2018-ci ildə həyat yoldaşına deyib. 

Makmaster Böyük Britaniyada keçmiş QRU zabiti Sergey Skripal və qızının zəhərlənməsindən sonra Ağ Evdə baş verənləri təsvir edir. Onun sözlərinə görə, digər Qərb liderləri sui-qəsd cəhdinə qəti cavab hazırlamağa başlayarkən Tramp Ağ Evdə oturaraq "New York Post” qəzetindəki "Putin Trampı tərifləyir və ABŞ siyasətini tənqid edir” başlıqlı məqaləyə heyran olub. Kitaba görə, Tramp məqalənin üzərinə qara markerlə təşəkkür məktubu yazıb və Makmasterə "yazını Putinə göndərməyi” tapşırıb.

Makmaster Ağ Evin prezidentin kommunikasiyalarına cavabdeh olan aparat katibinin ofisinə yazını göndərib. Onun sözlərinə görə, Kremlin və çox güman ki, şəxsən Putinin Skripalın zəhərlənməsinə göstəriş verdiyinə dair sübutlar ortaya çıxandan sonra o, ofisə yazının göndərilməməsi barədə göstəriş verib.
Keçmiş müşavirin fikrincə, Putin qəsdən Trampdan öz xeyrinə istifadə etməyə və ABŞ-ı Kremlə qarşı daha sərt mövqe tutmağa çağıran onun kimi müşavirlərlə aralarında nifaq salmağa çalışırdı.

"Amansız keçmiş KQB agenti Putin, yaltaqlıqla Trampın eqosu və kompleksləri ilə oynayırdı” deyə Makmaster yazır.

O qeyd edir ki, Tramp, sələfləri kiçik Corc Buş və Bark Obama kimi, Kreml rejiminin rəhbəri ilə "münasibətləri yaxşılaşdırmaq qabiliyyətinə həddən artıq arxayın idi”. Memuarda deyilir ki, əksər xarici siyasət ekspertlərinin Moskvaya qarşı sərt yanaşmaya üstünlük verməsi Trampı əksinə yanaşmaya təşviq edirdi.
MakMaster yazır ki, Tramp Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı Müllerin hesabatına o qədər başı qarışıb ki, "Putin və Rusiyanı müzakirə etmək çətinləşib” və Rusiya ilə bağlı bütün mövzular bu hesabatla əlaqələndirilib. "The Guardian” xatırladır ki, xüsusi prokuror Müller sövdələşmə ilə bağlı sübut tapmayıb, lakin Trampın seçki kampaniyasının rusiyalılarla təmaslarını gizlətməyə, Trampın özünün isə istintaqa müdaxilə etməsinə və ya ona mane olmağa çalışdığı halları araşdıra bilib. 

Makmaster deyir ki, onun Putin və Rusiyaya münasibəti əvvəldən Trampın mövqeyi ilə ziddiyyət təşkil edib və nəticədə onun qovulması ilə nəticələnən münaqişələrə səbəb olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->