İndoneziya hökuməti, Rusiyanın ölkənin şərqində yerləşən Manuxua aviabazasından istifadə üçün rəsmi icazə istədiyi barədə yayılan məlumatları təkzib edib.
Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Freqa Venas "bu məlumatın reallığı əks etdirmədiyini”
deyib.
Bundan əvvəl Avstraliya Yayım Korporasiyası (ABC) xəbər vermişdi ki, Avstraliyanın müdafiə naziri Riçard Marls bu məsələni indoneziyalı həmkarı Syafri Syamsoeddin ilə müzakirə edib. Marls bildirib ki, Syamsoeddin ona Rusiya hərbi təyyarələrinin İndoneziya ərazisində yerləşdirilməsinin mümkünsüzlüyünü açıq şəkildə bildirib:
"O mənə açıq dedi ki, Rusiya təyyarələrinin İndoneziyadan uça biləcəyi barədə xəbərlər həqiqətə uyğun deyil”.
Qeyd edək ki, Papuada yerləşən Manuxua aviabazası Avstraliyanın Darvin şəhərindən təxminən 1200 km şimalda yerləşir. Həmin bölgədə ABŞ-ın Dəniz Piyadaları Korpusu altı ay ərzində rotasiya əsasında yerləşdirilir. Eyni zamanda, Avstraliyada ABŞ-ın strateji bombardmançı təyyarələri üçün hərbi hava bazalarının modernləşdirilməsi prosesi davam edir.
Daha əvvəl Janes hərbi nəşri Rusiyanın Manuxua bazasına maraq göstərdiyini və uzaqmənzilli aviasiyasını orada yerləşdirmək istədiyini bildirmişdi. Bu məlumat Avstraliyada narahatlıq yaratmışdı, çünki bu bazadan havaya qalxan təyyarələr birbaşa Avstraliya materikinə çata bilər. Bu xəbərlərdən sonra Avstraliyanın Baş naziri Entoni Albanese Cakartadan rəsmi izahat gözlədiklərini açıqlamışdı.
İndoneziya ənənəvi olaraq neytrallıq siyasətinə sadiq qalır və Avstraliya da daxil olmaqla müxtəlif ölkələrlə hərbi əməkdaşlıq aparır. Lakin 2024-cü ildə Prabovo Subiantonun prezident seçilməsi ilə ölkənin müdafiə siyasətində Rusiyaya doğru meyl hiss olunmağa başlayıb.
Hətta prezidentlik səlahiyyətlərinə rəsmi olaraq başlamazdan əvvəl Prabovo Moskvaya səfər edib, burada Vladimir Putinlə görüşüb. Səfər zamanı o, Rusiyanı İndoneziyanın "böyük dostu” adlandırıb və müdafiə, enerji və təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək arzusunu ifadə edib.
2024-cü ilin noyabrında İndoneziya və Rusiya Yava sahillərində ilk birgə hərbi-dəniz təlimlərini keçiriblər. 2025-ci ilin fevralında isə Prabovo Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Cakartada qəbul edib. Görüşdə yeni təlimlərin keçirilməsi və Rusiyadan silah tədarükü daxil olmaqla hərbi əməkdaşlığın inkişafı müzakirə edilib.
Alpər
Şərhlər