"Rəqsanə İsmayılova qərarda göstərilən məhdudiyyətləri pozarsa, məhkəmə yenidən onun barəsində həbs-qəti imkan tədbiri seçə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığı ərəfəsində hərəkət etməsindən danışarkən deyib.
Vəkil bildirib ki, ev dustaqlığı qəti imkan tədbirinin seçilməsi şərtlərinə görə, onun barəsində verilən məhkəmə qərarında məhdudiyyətlər göstəriləcək:
"Eyni zamanda elektron qolbaq taxılacaq. Göstərilən məhdudiyyətləri pozarsa, yenidən barəsində həbs-qəti imkan tədbiri seçilə bilər. Qoyulmuş məhdudiyyətdən kənar toya getməkdə heç bir problem yoxdur".
Vəkil əlavə edib ki, Rəqsanənin axşam saat neçədə evdə olması qərarda göstərilib:
"Həmin vaxtı evdə olmalıdır. Məsələn, saat 20:00-da evdə olmalıdırsa, ancaq ona kimi toyda ola bilər. Elektron bilərzik vasitəsi ilə onun hərəkət trayektoriyası nəzarətdə saxlanılır".
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-da həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Müğənni 2 nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.
Xatırladaq ki, Rəqsanə İsmayılova bir neçə gün öncə Sabuncu rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Bahar Rüstəmli
Şərhlər