"Bu istiqamətdə ən əlverişli variant türk dövlətlərinin birliyi ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Türkiyə XİN rəhbəri Hakan Fidanın səsləndirdiyi yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyacın olmaması fikri fonunda hansı yeni sistemin yaranmasından söhbət açdığına aydınlıq gətirərkən deyib.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Qərbin yeni təşəbbüslərlə çıxış etməsi artıq mümkün olmayacaq:
"Onlar bu illər ərzində artıq öz maraqlarının təmini üçün kifayət qədər təşəbbüslərlə çıxış ediblər. Bu istiqamətdə yeni mexanizmlər və beynəlxalq qurumlar müəyyənləşməlidir. Bunun üçün ən əlverişli variant isə türk dövlətlərinin birliyi ola bilər. Düşünürəm ki, Hakan Fidan da öz açıqlamasında məhz buna işarə edib.
Türkiyə bunda maraqlıdır və sözügedən birliyin sürətlənməsi istiqamətində fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı (TDT) həmin birliyə çevrilə bilər. Bu əsasda Azərbaycan-Türkiyə münasibətləri yeni dünya nizamının yaranmasında rol oynaya bilər. Hansı ki, Qərb türk dövlətləri arasında birliyə də qısqanclıqla yanaşır".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, mövcud beynəlxalq sistem hazırkı tələblərə cavab vermir və iflas edib.
Hakan Fidan qeyd edib ki, hazırkı vəziyyətə görə, Qərbi və ya Şərqi ittiham etmək doğru deyil: "Yeni təşəbbüslər üçün Qərbi gözləmək bəşəriyyətin dramıdır. Problem beynəlxalq sistemin özündədir".
Rüfət Sultan
Şərhlər