Xəbər lenti

Qazaxıstan Bakıda keçirilən beynəlxalq sərgidə təhsil imkanlarını təqdim edib (FOTOLAR)
Foto 19:53 16.04.2026

Qazaxıstan Bakıda keçirilən beynəlxalq sərgidə təhsil imkanlarını təqdim edib (FOTOLAR)

Qazaxıstan Respublikası Bakıda keçirilən GLC Beynəlxalq Təhsil Sərgisində "Study in Kazakhstan” pavilyonu ilə iştirak edərək ölkənin ali təhsil imkanlarını təqdim edib.
 
Tədbir Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən dəstəklənib.15 ölkədən 40-dan çox universitetin qatıldığı sərgidə Qazaxıstan azərbaycanlı tələbə və valideynlərə müasir, beynəlxalq standartlara uyğun təhsil modelini nümayiş etdirib.Qeyd olunub ki, Qazaxıstan Elm və Ali Təhsil naziri Sayasat Nurbek rəhbərliyi ilə 2029-cu ilə qədər 150 min xarici tələbə cəlb etməyi hədəfləyir. 2025-ci ildə ölkədə təhsil alan beynəlxalq tələbələrin sayı 50 mini ötərək rekord səviyyəyə çatıb.

De Montfort University, Coventry University, Cardiff University, University of Arizona və New York Film Academy kimi nüfuzlu ali təhsil müəssisələrinin Qazaxıstanda fəaliyyət göstərməsi ölkənin beynəlxalq təhsil mərkəzinə çevrilmək iddiasını gücləndirir.
2010-cu ildən Bolonya Prosesinə qoşulan Qazaxıstanın diplomları 47 Avropa ölkəsində tanınır. Ölkədə illik təhsil haqqının 1 500–3 000 ABŞ dolları aralığında olması, 550-dən çox tam təqaüd proqramının mövcudluğu və QS reytinqində yer alan 20 universitet beynəlxalq tələbələr üçün əlavə üstünlüklər yaradır. Sərgi çərçivəsində studyinkz.kz platforması vasitəsilə universitet seçimi və müraciət prosesinin tam rəqəmsal qaydada həyata keçirildiyi də diqqətə çatdırılıb.

Qazaxıstan ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənməkdə davam edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan tərəfdaşlıq, ortaq dil və mədəni yaxınlıq bu əlaqələri daha da möhkəmləndirir. Xəzər dənizi və Orta Dəhliz vasitəsilə iki ölkə arasında yalnız iqtisadi deyil, həm də akademik mübadilə sürətlənir.Hazırda 58 Qazaxıstan universitetində 333 azərbaycanlı tələbə təhsil alır. Eyni zamanda, 62 Qazaxıstan universiteti 81 Azərbaycan ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Türk Universitetlər Birliyi və Orhun Mübadilə Proqramı çərçivəsində tələbə və müəllim mübadiləsi genişlənir.

2026-cı ilin aprel ayı üzrə 29 Qazaxıstan və 18 Azərbaycan universiteti arasında 63 yeni əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.

Sərgidə iştirak edən Qazaxıstan Elm və Ali Təhsil nazirinin müşaviri Səlman Arslanbaş bildirib ki, Qazaxıstan Avrasiyada yeni təhsil mərkəzinə çevrilməkdədir və ölkə beynəlxalq tələbələrə Qərb standartlarında, lakin daha əlçatan qiymətlərlə təhsil imkanı təqdim edir. Onun sözlərinə görə, "Study in Kazakhstan” təşəbbüsü azərbaycanlı gənclərin bu imkanlardan yararlanması üçün vacib platformadır və müraciət prosesi tam rəqəmsal şəkildə sadələşdirilib. Arslanbaş bildirib ki, Qazaxıstan stendi Azərbaycanlı gənclər və təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında münasibətlər Kasım-Jomart Tokayev və İlham Əliyev rəhbərliyi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq təhsil sahəsində də özünü aydın şəkildə göstərir.
--> -->