İndoneziyada yerləşən mağaralardan birində alimlər insan əlinin kontur təsvirini aşkar ediblər. Tədqiqatçılara görə, bu tapıntı dünyada məlum olan ən qədim qayaüstü təsvir ola bilər. Alimlər hesab edirlər ki, təsvir təxminən 67 800 il əvvəl yaradılıb. Qaya üzərində qırmızımtıl çalarlarla zəif görünən əl konturları əks olunub. Tədqiqatçılar bildirirlər ki, bu təsvir əlin mağara divarına söykənərək üzərinə piqmentin püskürdülməsi yolu ilə yaradılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "BBC” yazıb.
67 800 il yaşı olan bu əl izi daha əvvəl ən qədim hesab edilən və İspaniyada tapılmış oxşar təsvirdən 1 100 il daha qədimdir. Alimlərin fikrincə, İndoneziya mağarasında bu rəsmi yaradan insanlar materik Asiyadan İndoneziya adalarına köç etmiş bir insan qrupuna mənsub olublar.
"Bu qədim əl şablonu unikaldır, çünki yalnız İndoneziya adalarına xas olan üsluba aiddir. Barmaq ucları xüsusi dəqiqliklə itilənmiş formada təsvir edilib”,– deyə tədqiqatın rəhbəri, Qriffit Universitetinin arxeoloqu Maksim Ober bildirib.
Onun sözlərinə görə, "itilənmiş barmaqlar” dərin mədəni məna daşıyıb, lakin bu mənanın nədən ibarət olduğu hələ məlum deyil. "Ola bilsin ki, bu, qədim insanların heyvanlar aləmi ilə mürəkkəb münasibətləri ilə bağlı olub”, deyə Qriffit Universitetinin arxeoloqu və tədqiqatın həmmüəllifi Adam Bramm əlavə edib.
Nəşr qeyd edir ki, bu cür əl təsvirləri nadir deyil, lakin konkret bu tapıntının əsas dəyəri onun son dərəcə qədim olmasıdır.
Tapıntı həmçinin Homo sapiens-in Avstraliya və Yeni Qvineyaya bəzi alimlərin düşündüyündən təxminən 15 min il daha əvvəl çatdığını təsdiqləyir.
Alimlər hesab edirlər ki, bu rəsim Avstraliyanın yerli xalqlarının əcdadlarının Cənub-Şərqi Asiya ərazisindən gözləniləndən xeyli əvvəl keçdiyini və bu yol boyu qayaüstü rəsmlər yaratdıqlarını göstərən növbəti sübutdur.
Nəşrin vurğuladığına görə, son 10 ildə İndoneziya regionunda aparılan araşdırmalar əvvəllər geniş yayılmış bir fikri – abstrakt düşüncənin və təsviri incəsənətin insanın əcdadlarında Avropada buzlaşma dövründə yarandığı və oradan dünyaya yayıldığı iddiasını – təkzib edir.
Professor Brammın sözlərinə görə, son kəşf göstərir ki, böyük ehtimalla Avropa insan zehninin oyanışında ilk və yeganə mərkəz olmayıb: yaradıcılıq başlanğıcdan etibarən insan əcdadlarının təbiətində mövcud olub.
Aydın
Şərhlər