Xəbər lenti

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)
Ölkə 11:23 12.02.2026

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)

Qaradağ rayonu, Qızıldaş şəhər tipli qəsəbədə yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçası təşkil olunub.

Yurd.Media-ya baxçanın fəaliyyəti barədə məlumat verən valideynlərdən biri qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçada hazırda 30-a yaxın uşaq saxlanılır. Uşaqlara yemək evdən hazır qoyulur. Mədəniyyət mərkəzində çarpayılar mövcud olmadığından yatmaq istəyən azyaşlılar üçün döşəmədə yer salınır.

Məlumata görə, ötən il həmin ünvanda fəaliyyət daha geniş olub – bağça saat 09:00-dan 17:00-dək işləyib, uşaqlara nahar verilib və onlar gün ərzində orada saxlanılıblar. Lakin vətəndaş şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş saatı azaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.
 


İddialara görə, hazırda mərkəzin bədii rəhbəri Gülnar Abbasova direktor səlahiyyətlərini icra etdiyi dövrdə bu fəaliyyət həyata keçirilir. 

Mədəniyyət Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində hazırda "İlkin tibbi yardım” və "Rəqs” kursları fəaliyyət göstərir.

"Bundan əlavə, "Eliza School” tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf” kursu da təşkil olunub. Kursun məqsədi uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək, onların özünü tanıma, müstəqil qərarvermə, özünüidarəetmə və sosial bacarıqlarını inkişaf etdirməkdir. Tədris prosesində nitq inkişafı üzrə məşğələlər, Montessori proqramı və məntiqi oyunlar tətbiq olunur", - məlumatda qeyd olunur.
 


Qeyd edək ki, Qızıldaş qəsəbəsində dövlət uşaq bağçasının olmaması valideynləri çıxılmaz vəziyyətdə qoyur. Məhz bu səbəbdən sakinlər alternativ olmadığı üçün övladlarını sözügedən mərkəzə verməyə məcbur qalırlar.

--> -->