"Antibiotik xəstəyə harada təyin olunursa, onun inyeksiyası da həmin tibb müəssisəsində, ambulator şəraitdə həyata keçirilməlidir”.
Bunu Qaynarinfo-ya professor Adil Qeybulla Bakıda ev şəraitində antibiotik vurulandan sonra xəstənin şoka düşərək vəfat etməsi hadisəsindən danışarkən deyib. Professora görə, nə qədər ki bu məsələlərə biganə yanaşılır, bənzər hadisələr baş verməyə davam edəcək:
"Xəstələrin ev şəraitində inyeksiya etdirmələri qadağan edilməlidir. Heç nədən bir şəxsin dünyasını dəyişməsi ailə üçün böyük fəlakətdir. Biz bu praktikadan birdəfəlik əl çəkməliyik”.
Adil Qeybulla hesab edir ki, səhiyyə sisteminin bu sahəsini düzgün qurmaq üçün ilk növbədə dünya təcrübəsinə müraciət olunmalıdır:
"Məsələn, Avropa ölkələrinə baxaq, orada səhiyyə necə qurulub? Evdə inyeksiya etmək, xüsusilə də venadaxili infuziyalar aparmaq ağılabatan deyil, amma bunlar bizdə adi hal alıb. Nə qədər belə hadisələrin şahidi olmuşuq – evdə antibiotik vurulub və insan dünyasını dəyişib. Xəstələr anafilaktik şoka düşürlər və nəticədə həyatlarını itirirlər. Antibiotiklərdən anafilaktik şok halları az olmur. Bəziləri guya "prob” (sınaq) qoyur, lakin hətta bundan da şoka düşənlər olur”.
Həkim xəstəyə tibbi müəssisədən kənarda "prob” qoymağı mənasız və riskli hesab edir:
"Hesab edirəm ki, ev şəraitində ekstremal vəziyyət yarandığı təqdirdə, onun qarşısını almaq qeyri-mümkündür”.
Qeyd edək ki, Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Vüqar Qulamhəsən oğlu Məmmədovun səhhətində problem yarandığından ona antibiotik vurulub. Bu zaman xəstə Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki evində şoka düşərək vəfat edib.
Bahar Rüstəmli
Şərhlər