Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.
Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.
Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
18.00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
13.43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Qaynarinfo xəbər verir ki, Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğulayıb.
Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış strukturlarının nümayəndələrinin iştirakının vacibliyi qeyd olunub.
Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə etdiyi vurğulanıb. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədini müəyyənləşdirdiyi bildirilib və bunun da nümunəvi xarakter daşıdığı qeyd olunub.
Görüşdə 2026-cı ildə Azərbaycanın UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulandı, bu xüsusda birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
13.20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Qaynarinfo xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlət başçısına və Azərbaycana təşəkkürünü bildirib.
Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq ölkənin Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkənin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib.
Alyansın gündəliyində duran məsələlərin Azərbaycanın siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkənin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub.
Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək bu xüsusda ölkə ilə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
13.02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Qaynarinfo xəbər verir ki, qonaqlar, ilk növbədə, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğuladılar.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq müxtəlif panelin təşkil edildiyini, həmçinin Mərkəzin ayrıca pavilyonunun fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı bütün bunların COP gündəliyinin irəli aparılması işinə töhfə verdiyini dedi.
Vayra Vike-Freyberqa və İsmail Serageldin qeyd etdilər ki, Mərkəz böyük Azərbaycan şairi Nizaminin məhz humanizm prinsiplərinə, ideyalarına və fəlsəfəsinə əsaslanaraq, dünya miqyasında humanizmin təşviqinə öz töhfəsini verir.
Dövlətimizin başçısı vurğuladı ki, Mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfəsi əsasında dünya miqyasında həyata keçirdiyi fəaliyyəti təqdir olunur. Bu təsisatın beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından aktiv şəkildə fəaliyyət göstərdiyini, onların həlli yollarının tapılmasına töhfəsini verdiyini deyən Prezident İlham Əliyev bu xüsusda XII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin yeni dünya düzəninin formalaşdırılması ilə bağlı vacib mövzulara həsr olunduğunu vurğuladı.
Forumda dünyanın müxtəlif regionlardan 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyini bildirən İsmail Serageldin tədbirdə qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələrin keçiriləcəyini bildirdi.
Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxundu.
Dövlətimizin başçısı Mərkəzin İdarə Heyətinin üzvlərinin müxtəlif suallarını cavablandırdı.
Görüş müzakirələrlə davam etdi.
11.43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
11.29
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
11.15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Şərhlər