Bu gün Novruz bayramının gəlişini müjdələyən dörd çərşənbənin sonuncusu - İlaxır Çərşənbədir. İlaxır Çərşənbəyə bir çox rayonlarda həm də Torpaq çərşənbəsi deyilir.
İlaxır çərşənbə Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ənənələrdən biri olub. Bu gün, baharın daha aydın hiss olunduğu, təbiətin oyanışa hazırlaşdığı bir vaxtda keçirilir. İnsanlar inancına görə, İlaxır çərşənbə günü su, od, yel və torpaq ünsürlərinin bütövləşir, kainat tamlıq və bərabərlik tapır. Azərbaycanın bir çox bölgəsində sonuncu çərşənbə xüsusi qeyd edilir. Bu gün ocaqlar qalanır, tonqallar yandırılır, evlər təmizlənir, süfrələr qurulur, dadlı təamlar, şirniyyatlar hazırlanır, bolluq və bərəkət arzulanır. Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Novruzun adət-ənənəsi isə tək bunlarla bitmir. Novruz bayramı istər günümüzə qədər gəlib çatan, istərsə də unudulan adətləri ilə Azərbaycan xalqının, türkçülüyün izlərini özündə ehtiva edən bayramdır.
Bu bayram günündə isə müasir dövrümüzə qədər gəlib çatan deyil, unudulmuş, lakin özündə tariximizi, türkçülüyümüzü əks etdirən adətlərdən, onların tarixindən, mənalarından danışacağıq.
Qaynarinfo filologiya üzrə fəlsəfə doktoru, dosent, Xəzər Universiteti, Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru Aynur Qəzənfərqızı ilə müsahibəni təqdim edir:
- Ondan başlayaq ki, Novruza təbiət hadisəsi deyirlər. Qədimdə onun gəlişi ilə bağlı müxtəlif mərasimlər daha geniş şəkildə qeyd olunurdu. Novruz əgər təbiət hadisəsidirsə, təbiətdəki hansı hadisəni nəzərdə tuturuq?
- Novruzun təbiət hadisəsi olması maraqlı faktdır. Belə ki, türklər hər zaman təbiətlə vəhdətdə olub, təbiətə sayğılı davranıb. Təbiətdə baş verən hadisələr türklərin diqqət mərkəzində olub. Özəlliklə günəşin hərəkətinə uyğun olaraq bizim bayramlarımız var. Məsələn, Çillə gecəsinin 20 dekabr gecəsi keçirilməsinin səbəbi var. Çünki qədim insanların inancına görə, Çillə gecəsində aydınlıq ilə qaranlıq savaşır və əgər insanlar gecəni oyaq qalıb, çal-çağır etsələr, aydınlıq qalib gələcək. Bu inancın elmi əsasına baxsaq, 21 dekabrdan etibarən gün uzanmağa başlayır və 21 Mart günündə isə Şimal yarımkürəsində gecə-gündüz bərabərləşir. Deməli, türklərin bayramları günəşin vəziyyətinə uyğun, yəni təbiət hadisəsi kimi keçirilir. Bu bayrama hansısa bir dini missiya yükləmək özü bayramın mahiyyətini anlamamaqdan qaynaqlanır.
- Biz Novruza aid bir çox adətləri günümüzdə xatırlayırıq, lakin Novruz bayramının tarixən hansı mərasimləri və adətləri olub ki, bu gün geniş kütlə tərəfindən unudulub? Tarixdə qeyd olunan, lakin bu gün həyata keçirilməyən Novruz mərasimləri və ya inancları ilə bağlı misallar verə bilərsinizmi?
- Gəlin, bu məsələyə bu yöndən baxaq: adət-ənənə yenilənməzsə, bu cəmiyyətin inkişaf etmədiyini göstərir. Yəni, sıradan çıxan və yaranan hər yeni adət o deməkdir ki, cəmiyyət öz dinamikliyini qorumaqdadır. Buna görə də bəzi adətlərin unudulmasını qanunauyğunluq hesab edirəm. Məsələn, qurşaqsallama adətinə görə bayram gecəsi evin bacasından qurşaq sallanardı. Bu da o demək idi ki, bu evin qızına elçi düşülüb. Əgər qızın meyli var idisə, qurşağın ucuna dəsmal bağlanırdı, yox, əgər o evdə evlənəcək qız yox idisə, qurşaq boş qaytarılırdı. Şəhriyarın məşhur "Heydər babaya salam” şeirində bu adət haqqında yazılmışdı:
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Bu adətin günümüzdə unudulması qanunauyğunluqdur. Çünki artıq gənclər öz aralarında razılığa gəldikdən sonra söhbəti böyüklərin yanında açırlar. Bu mənada adətlərin unudulması çox da pessimist əhval-ruhiyyədə qarşılanmamalıdır. Unudulmuş başqa bir adətimiz isə bayramlıq göndərilməsiydi. Bu adət yaxın keçmişə qədər var idi. Bayramlarda oğlan evi nişanlının evinə bəzənmiş, xınalanmış toğlu göndərərdi. Bu adət son zamanlar ona görə unudulur ki, artıq o qoyunu kəsib, soyub doğramaq müşkül məsələdir. İndi hazır ətlər hər yerdə satılır. Keçmişdə isə ət tapmaq elə də asan iş olmazdı.
Bayram günlərində tətbiq edilən bəzi fallar var ki, onların unudulmasının səbəbi, məncə, artıq bayramların yalnız keçirilməsidir. Hər kəs öz ailəsində, öz evinin içində keçirir bayramı. Əvvəllər ailələr birləşər, qadınlar fala baxardı. Kasa falı var idi ki, kasaları tərs çevirib altına çörək, açar, pul, konfet, üzük və s. kimi şeylər qoyardılar. Sonra onları qarışdırardılar. Kim hansı kasanı açsa, altındakına uyğun olaraq ilin necə keçəcəyi yozulardı. Bir digər adətimiz isə Vəsfi-haldır. Bu fal zamanı isə bir kasaya su tökülər, içinə də qadınlar öz zinət əşyalarını atardı. Kasanın üstünə şal örtülər və bayatı deyilərdi. Bayatı deyən əlini atıb şalın altından bir zinət əşyası çıxarardı. Zinət əşyası kimə aiddirsə bayatının məzmununa uyğun olaraq ilin onun üçün necə keçəcəyi yozulardı. Belə adətlərdən biri də lal oyunu idi. Xanım bir niyyət tutub əlinə iki kasa alardı. Kasalardan birinin içinə su tökülərdi, digəri boş saxlanardı. Danışmadan kasa ilə insan olan yerə keçərdilər. Əlindən dolu kasanı birinci alardılarsa o zaman niyyəti hasil olacaqdı, yox boş kasanı alsalar, o zaman niyyəti üçün bir il daha gözləməli idi. Bu cür adətlərin indi olmaması normaldır. Dediyim kimi, artıq bayramlar bir yerdə, birləşərək keçirilmir.
- Bu unudulmuş mərasimlərin yaranma səbəbləri və xalqın dünyagörüşündəki rolu nə olub?
- Bu sadaladığım fallar zamanı, diqqət etdinizsə, "niyyət hasil olmayacaq” kimi ifadə işlətmədim. Bir il daha gözləyəcək dedim. Bu, təsadüf deyildi. Çünki türklərin inancına görə, ümumiyyətlə, insan zəhmətlə hər şeyə nail ola bilər. Uğurun səbəbi əsla təsadüf ola bilməz. Məsələn, "səndən hərəkət, məndən bərəkət”, "zəhmətin əvvəli acı, axırı şirin olur” və s. kimi atalar sözümüz var. Yəni, türklərin pozitiv dünyagörüşü hətta fal zamanı belə özünü göstərir. Yaranma səbəbi isə odur ki, bu gecə təbiətdə baş verən dəyişiklik ilə insanların aurası da yenilənir və dilək qapıları açılır. Bu gecə tutulan niyyətlər, edilən dualar qəbul olur. Ona görə də, niyyətlərin daha tez qəbul olması üçün fal kimi əyləncəli vasitələrdən istifadə ediblər. Birlik, bərabərlik, dostluq bu bayramda çox önəmlidir. Küsülülərin barışması, insanın ürəyində pis duyğular bəsləməməsi vacibdir. Bunu bir bayatımızda da açıqca görürük:
Ordan gələn arxdırmı?
Üzündə duvaxdırmı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?!
Mən aşiqəm alışar,
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.
- Bu mərasimlər daha çox Azərbaycanın hansı bölgələrində yayılıb və niyə məhz oralarda daha geniş tətbiq olunub? Unudulmuş mərasimlərin simvolları və rəmzlər barədə nə deyə bilərsiniz? Onların mənası nə olub?
- Novruz bayramı son əlli ildə Novruz olaraq adlandırılır. Əvvəllər Yeni gün, Təzə gün, Yeni il kimi ifadələr ilə adlandırılırdı. Bu bayramın adətləri də nəinki Azərbaycanın, Türk dünyasnın dörd bir yanında təntənəli qeyd edilməkdədir. Novruzun rəmzi olan şəkərbura, paxlava, qoğal da son əlli ildə yayıldı. Məsələn, Qərb bölgəsinin şirniyyatı qatdama idi. Bayramlarda da o bişirilərdi. Yaxud, plov da indi bayram yeməyi kimi ölkə üzrə yayılsa da, bayramlarda qaz əti, ördək əti, hinduşka əti, özəlliklə lal ördəyin əti kimi yeməklərin də bişirildiyini bilirik. Yəni, rəmzlərin çox qədim tarixi olmadığı üçün onların bir missiyası olduğunu da düşünmürəm. Ancaq bəzən deyirlər ki, bu bayramda bişirilən şəkərbura ayı, qoğal günəşi təmsil edir. Bu da təsadüfi deyil, çünki bayaq da qeyd etdik ki, Novruz təbiət hadisəsidir.
- Novruz adətlərinin zamanla unudulmasının səbəbi urbanizasiya, dini təsirlər, yoxsa başqa amillərdir?
- Cəmiyyət inkişaf etdikcə adətlərin unudulması normaldır. Urbanizasiya düşünüldüyü kimi adətləri yox etmir, əksinə yeni tərz adətlər yaranır. Buna görədir ki bu gün şəhər folkloru adlı yeni bir janr yaranıb. İnternet folkloru anlayışı da ən müasir folklor hadisəsidir. Novruz adətlərinin getdikcə unudulmasının səbəbi də artıq gənclərin bu bayram adətlərini yavaş-yavaş internetə köçürməyə başlamasıdır. Qaldı ki, dini təsirlər belə Novruz bayramını bu xalqa unutdura bilmədi. Çünki xalqımız din ilə təbiət məsələlərini bir-birinə qatmır. Hər birinin öz yeri var.
- Unudulmuş mərasimlərdən bəzilərinin günümüzdə bərpası mümkündürmü? Yoxsa onların bəziləri zamanın dəyişməsi ilə artıq aktuallığını itirib?
- Məncə, buna ehtiyac yoxdur. Unudulursa, deməli müasirləşən cəmiyyətin ona ehtiyacı qalmır. Lazım olarsa, yenidən geri qayıdacaq. Bununla bağlı sizə bir örnək göstərim. Bu gün gənclik Halloven bayramını qeyd edir və bunun qarşısını almaq olmur. Tarixə nəzər yetirəndə isə görürük ki, bu Türklərin unutduğu "Bögülər” (Cadılar) bayramından başqa bir şey deyil. Bir şəkildə bu bayram geri qayıdır. Başqa ad ilə, başqa kültürdən... İnsan genetik kodlaşmasına aid olmayan bayramı belə mənimsəyə bilməz. Bu xalqın Yeni ili mənimsəməsinin arxasında duran səbəb Çillə gecəsində türklərin küknar ağacını bəzəməsi idi. Unudulmuş bir adəti illər sonra Yeni il adı ilə qaytardıq. İndi Novruz adətlərindən də lazım olanlar mütləq bir şəkildə yenidən cəmiyyətə qayıdacaq. Folklor məcburiyyəti sevmir. Əksinə, hər şey öz axarı ilə gələcək. Xalqı nəyəsə məcbur etmək olmaz.
- Bir folklorşünas kimi nə düşünürsünüz, bu unudulmuş mərasimlərin yenidən cəmiyyətə tanıdılması xalqın mədəni kimliyinə necə təsir edəcək?
- Düşünürəm ki, Novruz bəlkə də bu gün milli olaraq bizi birləşdirən tək adətimizdir. Yeni yaranan adətlər belə əslində millidir. Məsələn, Novruz şirniyyatları, indi bayramlarda çox bəyənərək alıb evimizə düzdüyümüz novruz oyuncaqları və s. milli ruhun yansımasıdır. Ona görə də belə adətlər zamanın tələbinə uyğun yarandığı kimi köhnə adətlər də eyni səbəbdən aradan çıxır. Bu mərasimlərin təsiri olsaydı, yəqin ki, xalq onları unutmazdı. Mədəni, yaxud milli kimliyi unutmaq son zamanlarda insanların təlaşa qapılması qədər asan iş deyil. Bu oldquca ciddi məsələdir.
- Novruz Azərbaycanla yanaşı digər türk xalqlarının da bayramıdır. Digər türk xalqları və qonşu xalqların Novruz mərasimləri ilə müqayisədə bizdə unudulan hansı adətlər fərqlənir?
- Çərşənbələr bir az Anadolu türklərində Cəmrələr olaraq yaşamaqdadır. Cəmrə Altay türklərində İmrə, İmere kimi anılır. Qumuqlarda və Bulqarlarda da Zəmirə kimi anılır. Cəmrənin günəş olduğunu desələr də, imre və zəmirə sözləri ilə bir yerdə araşdırılmadığından buna inanmaq doğru deyil. 20 fevralda Cəmrə havaya qalxır, 7 gün sonra torpağa, yenə 7 gün sonra suya düşür. Bizdə isə Çərşənbələr Xıdır Nəbi çıxıb Boz ay girdikdən sonrakı ilk çərşənbədən başlayır. Bundan başqa, Kosa və Keçəl, Səməni kimi atributlarımız fərqlənir.
Bahar qız anlayışının Sovetlər dövründən gəldiyini iddia etsələr də, mən hələ ki, bununla bağlı əmin deyiləm. Araşdırmaq lazımdır. Bayramda bir-iki atribut fərqindən başqa mahiyyətcə eyni olduğunu deyə bilərik.
- Yuxarıda da qeyd etdiyimiz kimi, Novruz türklərin bayramı hesab olunur. Əgər Novruz türklərin bayramıdırsa, bəs niyə atəşpərəstliyin izlərini görürük? Məsələn, tonqal qalamaq, şam yandırmaq və s. kimi.
- Gəlin belə edək: hansı dində insan tanrısının üstündən hoppanar və ona azar-bezarını verər? Tanrıya adətən qurbanlar kəsilər, dualar edilər. Bəs o zaman insanlar niyə nəzər almır ki, Zərdüştlükdə od Tanrıdır və onun üzərindən atlanmaq günahdır. Çünki bütün dinlərdə Tanrının üzərindən atlanmaq, hətta ona "ağırlığını, uğurluğunu, azarını, bezarını” vermək qəbuledilməz haldır. Tanrı ilə belə rəftar heç bir dində mümkün deyil.
Ona görə də bu bayramı atəşpərəstlik ilə əlaqələndirən insanlara üzümü tutub demək istəyirəm ki, odun türklər üçün önəmindən və Türk mifologiyasındakı rolunu bilmədən belə mühakimələr etməsinlər. Qədim türklər odu müqəddəs sayıblar, çünki od istilik verməklə yanaşı, həm də təmizlənmə vasitəsi olub. Bundan başqa, od əyələri da olub. Məsələn, Yakut türklərində od əyəsi ağ saçlı bir qadın şəklində təsəvvür olunur. Buryadlar isə qırmızı geyinmiş, yaxud alovun yayılımı ilə yaşıl qırmızı rəngdən qaftan geyinmiş yaşlı bir qadın şəklində təsəvvür edir. Bir şaman duasında deyilir ki, "sən qaranlıq gecələrdə, gənc qızlar təki saçını dalğalandıran, oynayan qadın! Qırmızı ipəkdən paltar geyinib, gənc al qısraq üzərində gəzinirsən”. Ümumiyyətlə, türklərdə od, alov ruhu dişi – qadın şəklində təsəvvür edilib. Onlar yeddi bacı şəklində fəaliyyət göstəriblər. Hətta evin tən ortası evin ürəyidir deyə, orada ocaq qurulub, üçayaqlı qazan saxlayanlar olub. Rəvayətə görə, Oğuz Xanın ağzı da oda oxşayır. Altay və Sibir əfsanələrində uşaqların ağızlarında, gözlərində od, sinələrində alovlar olarmış. Bu inancdan bu günə qalan bəzi ifadələr var: "gözləri od saçır”, "bağrım yanır”, "şimşək təki”, "elə bil od almağa gəlib”, "evinə od düşüb”, "ürəyinə köz düşüb” və s.
Tarixi qaynaqlara baxdıqda isə daha maraqlı faktlarla qarşılaşırıq. Məsələn, 568-ci ildə "Göktürklərə” elçi olaraq gedən Zemarkoş xatirələrində yazır ki, Göytürk sərhədinə çatdıqda bizi odun üzərindən hoppandırdılar. Bu qədim türklərdə inancdır. Odun üzərindən atlayan insan təmizlənir. Bunun izləri bu gün də bir çox türklərdə yaşamaqdadır. Belə ki, özbəklərdə gəlin köçən qız odun üzərindən atlanır. Qumuqlarda və Azərbaycan türklərində gəlin odun başına dolandırılır. Krım və noqay türkləri də odun üzərindən atlandığında günahlarından təmizlənəcəklərinə inanırlar. Yuxarıda sadaladığımız bütün əlamətləri nəzərə alaraq, tam qətiyyətlə deyə bilərik ki, od türklərdə müqəddəs sayılıb, amma heç vaxt oda sitayiş edilməyib. Elə türklərin oda münasibətini hind və qədim farsların oda münasibətindən ayıran da məhz budur. Belə ki, fars və hind inancında oda sitayiş edilib. Zərdüştlük və Məzdəizm inanc sistemində od tanrı olub. Bu gün bir çox tədqiqatçılarımız Novruz bayramının farslara aid olduğunu, Zərdüştlükdən qaldığını iddia edərkən, qədim türk inanc sistemini unudurlar.
Günay İlqarqızı
Şərhlər