Xəbər lenti

Nəm salfet ürəkdi!
Murad KÖHNƏQALA
Ölkə 11:00 19.08.2024

Nəm salfet ürəkdi!

Deyim sizə, bu aralar hər şeyin bahalaşdığı bir dövrdə yeganə nəm salfetlərin qiymətindən razıyam. Bu məhsulun tutumuna, gördüyü işin nəhəngliyinə baxanda qiyməti adama çox münasib görünür. Şeytanın qulağından uzaq, mən deyərdim, nəm salfetlər nəinki münasib qiymətə, hətta dəyərindən çox ucuz qiymətə satılır. Ancaq sən onun gözəlliyinə, estetik formasına, qapağına, içəridən sıyrılıb çıxmasına, ətrinə bax! Çeşid-çeşid ətirlərdə, müxtəlif tutumda mağazaların vitrini bəzəyir. Bu hissləri əsas da xanımlar təsdiqləyər: nəm salfet paçkasını vitrindən götürəndə onun mehriban yumşaqlığı barmaqların ucundan adamın bədəninə xoş duyğu ötürür. 

Nəm salfetlər xanımların ən yaxın dostu, sirdaşı, evdə min bir dərdin dərmanıdı. Bir yerə ləkə düşdü, şirə damdı, yağ damdı – dərhal nəm salfet qulluğunuzdadı. Ana balaca uşaqla çölə çıxdısa mütləq çantasına xırda nəm salfet qoyacaq. 

Bayaq qiymətindən danışdım, doğrudan da heyrətamizdi. Bəzən içində yüz ədəd olan nəm salfetin paçkası bir yarım, iki manata satılır. Qoy olsun lap, üç manata, deyərdim, yenə yaxşıdı! Təsəvvür edin, vitrinə düzülən paçkanın içindəki xırda dəsmalların biri iki qəpiyə düşür! Bunu hansı dahi iqtisadçı, istehsalçı yaradıb? 

Zarafat eləmirəm, gəlin, hesablayaq. Yəqin, əvvəlcə o dəsmalları böyük formalarda istehsal edirlər. Sonra onu kiçik ölçülərdə doğrayırlar. Sonra saya uyğun qab düzəldirlər, xırda dəsmalları uyğun şəkildə qatlayıb o qaba doldururlar. Yəqin, ətirli mayeni də qabın içində vururlar. Sonra da ağzını zərif yapışdırıcısı ilə  örtür, üstünə də qəşəng bir "qapı” qoyurlar. Tank qapağı kimi ağzı yuxarı açılır. Deyirəm, bu qədər həngamədən sonra biri iki-üç  qəpiyə satılan salfetlərdən istehsalçı nə qazanır? Başa düşürəm, müasir fabriklərdə əsasən robotlar işləyir, buna görə malın maya dəyəri aşağı olur. Ancaq mənə yenə çatmır, gərək sən bir salfetə ən çoxu bir qəpik xərcləyəsən ki, iki qəpikdən satanda  qazanasan. Yəni, belə bir məhsulun maya dəyərini lap minimuma, bir qəpiyə necə endirirlər? Hələ bunun daşınması, satışa qoyub satılması var! Onçun deyirəm, haqqında danışdığım nəm salfetlərin doğulması, vitrinlərdə peyda olması,  sirrlərlə doludu, maraqlıdı...  

Yadıma nə düşdü? Sovet vaxtı spiçkalar da eynən belə ucuz olardı. Hər bir kibrit qabının içində qırx dənə çöp olurdu. Buna baxmayaraq,  bir qəpiyə, yəni ən aşağı qiymətə satılırdı. Həmin vaxtlar bir qəpik yerə düşəndə əyilib götürmürdük, çünki əyilməyə də dəymirdi. 

Həmin spiçkalar, bir qayda olaraq, Rusiyadan gəlirdi. Qabı da nazik taxtadan olurdu. Bəs, o spiçkalar necə istehsal olunurdu? Əlbəttə, əvvəlcə ağac kəsilirdi. Sonra həmin ağaclar taxta şəklində emal olunurdu. Uzun proses keçdikdən sonra taxtalar spiçka çöpləri formasında doğranıb qurudulurdu. Sonra o çöplər xüsusi mayedə "çimir”, ucu kükürdlənirdi. Kağız nazikliyində emal olunan taxta listlərdən spiçka korobkaları düzəlirdi. Həmin korobkaların içlikləri, yəni siyirmələri hazırlanırdı. Sonra həmin korobkaların kənarlarına çaxmaq kağızı yapışdırılırdı. Hər bir karobkanın üzünə də rəngli şəkillərlə bəzədilmiş kağızlar vurulurdu. Bu qədər əməkdən sonra bir qəpiyə satılırdı. Əlbəttə, bir spiçka qabının maya dəyəri bir qəpikdən dəfələrlə çox olurdu. Ancaq dövlət dotasiyası deyilən bir iqtisadi sistem vardı, dövlət bu cür populyar məişət əşyalarının qiymətini başqa mallara yükləyərək əvəzini ordan çıxırdı. Beləliklə, ziyana işləyən spiçka fabrikləri başqa sahələrdən gələn gəlirlə maliyələşirdi. 
Yadımadı, uşaq vaxtı biz üstündə maraqlı şəkillər olan spiçka karobkalarından özümüzə kolleksiya  düzəldirdik. Ən çox da sirk epizodları ilə bəzədilmiş spiçkalara üstünlük verirdik. 

Nəysə, spiçkanı başa düşdük, dövlət dotasiyasında idi, ancaq bu nəm salfetlər mənim üçün hələ də sirr olaraq qalmaqdadı. Deyirəm, o dünyada sorğu-sual olunsa nəm salfetlərdən razılığımı mütləq bildirəcəm! Ancaq amandır, bu yazıdan sonra nəm salfetlərin qiymətini qaldırmayın!     
Yadımdadı, bir dəfə feyzbukda təxminən belə bir status yazmışdım: 

"Harda bir ləkə, nöqtə oldu, yoldaşım deyir, dayan, nəm salfetkaynan siləcəm. Ayaqqabını təmizləmək istəyirəm, deyir, dayan nəm salfetka gətirim. Amur döşəməni ləkələyib, deyir, bu dəyqə onu nəm salfetkaynan yığışdıracam. Şəhərdən evə dönəndə zəng eləyirəm: bir şey lazımdırmı? Deyir, nəm salfetka alarsan. Beləcə, hər yerdə nəm salfetka! 

Bir dəfə axşam soruşdum ki, yeməyə bir şey varmı? Çaşıb deyəsən ki, nəm salfetka!” 
 
Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->