Xəbər lenti

Mehriban Zeynalova ərini döyən qadından danışdı:
Ölkə 14:38 30.12.2025

Mehriban Zeynalova ərini döyən qadından danışdı: "Səbəbləri araşdırılmalıdır"

Bakıda mübahisə zamanı arvad ərini döyüb. Baş və sifət nahiyyələrindən zərbə alan kişi arvadından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra qadın saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və qadın məsuliyyətdən azad olunub. 

Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında Azərbaycanda məişət zorakılığının kifayət qədər araşdırılmadığını bildirib:

"Yüngül xəsarətlərdə cinayət işi qaldırılmır, cərimə edə bilərlər. Əslində, belə hadisələrdə əvvəlki münasibətlər, baş verən hadisələr, kişinin qadına münasibəti və yaxud birgə yaşadıqları dövrdə hansısa zorakılıq hallarının olması və qadının psixoloji durumu və s. bu kimi məsələlər araşdırılmalıdır. Ancaq çox vaxt baş verən faktın üzərində dayanılır. İstintaq ailə münasibətləri ilə bağlı peşəkar yanaşma formalaşdırmalıdır, baş verən hadisələr diqqətlə öyrənilməlidir. Əgər ailədə uşaq varsa, onların psixoloji durumu, ailə münasibətlərində onlarn müşahidə etdikləri vəziyyət araşdırılmalıdır. Tələm-tələsik xəsarətə görə dərhal cinayət işi qaldırmaq, məncə, doğru deyil. Bir az da gender məsələsi var, deyirlər fərqi yoxdur, cinayət olunub. Cinayəti kim törədirsə, cəza almalıdır. Əvvəllər isə qadın olduğundan məsələyə çox hümanist yanaşılırdı".



Mehriban Zeynalova əlavə edib ki, bu kimi hadisələr kənardan gülməli görünür, ancaq:

"Qadının bu həddə çatdırılması məsələsi var. Necə oldu ki, qadın birdən-birə ərinə əl qaldırdı? Bunun səbəbləri araşdırılmalıdır. Adi xəsarətlərdə belə nüanslar kifayət qədər araşdırılmır. Görünür əvvəl də belə münasibətlər olub, amma qadın ərindən şikayət etməyib. Əgər qadın ərindən vaxtında şikayət etsəydi, onlar qeydə alınsaydı, bu zaman qərar qadının lehinə olardı. Kişi burada sui-istifadə edib".

Bahar Rüstəmli
--> -->