Oktyabrın 27-də Maqsud İbrahimbəyovun həyat yoldaşı, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Fotoqraflar İttifaqının üzvü Anna İbrahimbəyovanın iştirakı ilə görkəmli yazıçının ulduzunun açılış mərasimi keçirildi.
Qonaqlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq yazıçısı Anar Rzayev, jurnalist, televiziya və radio aparıcısı Mixail Qusman, kinorejissor Oqtay Mirqasımov, Xalq rəssamı Hüseyn Haqverdiyev, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova, rejissor, ssenarist Fuad İbrahimbəyov, kinodramaturq, jurnalist Nadejda İsmayılova, rəssam İrina Eldarova, Maqsud İbrahimbəyovun dostları, qohumları və yaxınları da var idi.
Sea Breeze kurort şəhərciyinin sahibi Emin Ağalarov qeyd edib ki, o, Maqsud İbrahimbəyovu hələ uşaqlıq çağlarından tanıyır: "Biz Nardaranda bağ qonşusu olmuşuq, uşaqlığımız boyu dostum Fuad İbrahimbəyovla birlikdə bağa gəlib-getmiş tanınmış yaradıcı şəxsiyyətlər – aktyorlar, yazıçılar, dramaturqları görmüşük. Artıq onda məlum idi ki, bu yerlər mədəniyyət ziyalılarını özünə cəlb edir. Beləcə bu kurortun yaradıcılıq prinsipi yarandı, mən isə sadəcə bu konseptə musiqi komponenti əlavə etdim”.
Anar Rzayev Maqsud İbrahimbəyovu xatırlayaraq qeyd etdi: "Biz 62 il dost olmuşuq, bu, xeyli uzun müddətdir. Dostlarımdan daha uzun həyat sürmək hissi çox acı bir hissidr, amma fəxr edirəm ki, dostum öz əsərləri ilə bu gözəl ulduz kimi geri qayıdır. Kitabları sağ olduğu müddətdə Maqsud da yaşayır”. Mixail Qusman qeyd edib ki, Maqsud İbrahimbəyovun ulduzunun açılışı üçün müstəsna uğurlu gün seçilib, çünki yazıçı Nardaranda məhz belə – sərin və bir qədər küləkli havanı sevirdi.
Yazıçının ulduzunun açılışı onun əsərləri əsasında çəkilmiş filmlərdən hamının sevimli musiqilərin müşayiəti ilə baş tutdu. Anna İbrahimbəyovaya Maksud İbrahimbəyovun ulduzu olan xatirə çərçivəsi hədiyyə edildi. Mərasim "Bosfor” türk restoranında davam etdi. Dost mühitində ünsiyyət ilə bərabər, burada Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirildi, arxiv kitabları, eləcə də İrina Eldarovanın müəllifi olduğu üz qabığı rəsmləri ilə İbrahimbəyovun üç dildə yeni nəşrləri sərgiləndi. Qonaqlara hədiyyə olaraq 2025-ci il təqvimləri verildi. Bu təqvimlər sənət əsəri hesab olunur, çünki təqvimdə çap olunmuş bütün fotoşəkilləri şəxsən Anna İbrahimbəyova çəkib.
Maqsud İbrahimbəyov Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenaristdir, kitabları dünyanın bir çox ölkələrində nəşr olunub. 2012-ci ildə yazıçı Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd olub. Ən məşhur əsərləri siyahısında "Ondan yaxşı qardaş yox idi", "Truskavetsə kim gedəcək", "Bütün yaxşılıqlara görə ölüm" əsərlərini qeyd etmək olar. Maqsud İbrahimbəyovun bir çox əsərləri həm Azərbaycanda, həm də xaricdə lentə alınıb, pyesləri dünyanın 50 teatrında tamaşaya qoyulub.
Sea Breeze Şöhrət Xiyabanı dəbdəbəli The Grand apart-hotelinin yanında yerləşir. Bu, Azərbaycanın ilk Ulduzlar Xiyabanıdır və dünyanın hər yerindən görkəmli artistlərə, musiqiçilərə, aktyorlara, yazıçılara və rəssamlara həsr olunub. Layihə artıq Müslüm Maqomayev, Tamara Sinyavskaya, Engelbert Humperdink, Devid Foster, Nikol Şerzinger də daxil olmaqla, 23 mədəniyyət və incəsənət xadiminin özəl ulduzunu əhatə edir.
Şərhlər