Xəbər lenti

Magistraturaya qəbul imtahanında struktur indiki qaydada qalarsa… - Ekspert
Ölkə 17:35 08.07.2025

Magistraturaya qəbul imtahanında struktur indiki qaydada qalarsa… - Ekspert

"Magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayının azalması faktı təhsil sistemində dərin problemlərin mövcud olduğunu göstərir". 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov magistraturaya qəbulda yüksək bal toplayanların sayının azalma səbəblərindən danışarkən deyib. 

Ekspertin sözlərinə görə, 2025-ci ildə keçirilən imtahanların nəticələrinə əsasən, 90 və daha yüksək bal toplayanların sayı cəmi 32 nəfər olub:

"Halbuki bu göstərici 2024-cü ildə 44 nəfər idi. Oxşar şəkildə 80 və daha yüksək bal toplayanların sayı 381 nəfərə düşüb (ötən il 458), 70 və yuxarı bal toplayanlar isə 2019 nəfər təşkil edib (ötən il 2106 nəfər). Bu isə o deməkdir ki, yüksək nəticə göstərənlərin sayı artmaq əvəzinə azalmağa doğru gedir. Halbuki 2025-ci ildə iştirakçı sayı artaraq 26.241 nəfərə çatıb (2024-cü ildə 24.858 nəfər). Yəni daha çox adam imtahanda iştirak etsə də, yüksək bal toplayanların sayı azalıb. Median bal isə 48.55-dən 47.58-ə enib. Bu rəqəmlər sadəcə statistik meyil deyil, həm də təhsil siyasətində dərin təhlil və dəyişiklik ehtiyacının göstəricisidir".



Ekspert bildirib ki, mövcud imtahan modeli üzrə iştirakçılar məntiqi təfəkkür (50 sual), informatika (25 sual) və xarici dil (20 sual) olmaqla 95 test tapşırığını cavablandırır və əlavə olaraq esse yazaraq 5 bal da toplaya bilir:

"Ümumilikdə 100 bal üzərindən qiymətləndirmə aparılır. Struktur ixtisaslar üzrə müxtəlif sahələrdən gələn bakalavrlar üçün eyni meyarla qiymətləndirmə həyata keçirir ki, bu da ixtisaslararası ədalətsizliyə səbəb olur. Məsələn, tarix və ya filologiya üzrə təhsil alan bir bakalavrın informatika üzrə sualları cavablandırması real peşə bacarığı və gələcək tədqiqat fəaliyyəti ilə uyğunlaşmır. Beləliklə, imtahanın test mərkəzli və standartlaşdırılmış formatı tələbənin akademik inkişafını, yaradıcı düşüncə və elmi potensialını ölçməkdə məhdudiyyət yaradır. "Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, təhsilin pillələri arasında ardıcıllıq və səmərəlilik təmin olunmalıdır. Lakin bakalavr pilləsində əldə olunan akademik bacarıqlar magistratura imtahan modeli ilə ölçülə bilmir. Belə uyğunsuzluq nəticələrin aşağı düşməsi ilə yanaşı, təhsil sistemində təmayülləşmənin zəifləməsinə və ixtisas üzrə dərinləşmənin qarşısının alınmasına səbəb olur”.
Kamran Əsədov nəticələrin müsbət məqamlarından da  danışıb:

"Esse yazısı üzrə qiymətləndirmənin tətbiqi tələbələrin analitik və məntiqi düşüncə, eyni zamanda ifadə qabiliyyətlərini inkişaf etdirmək baxımından mütərəqqi addımdır. Lakin esse yalnız 5 bal təşkil etdiyindən, bu komponentin real çəkisi çox aşağıdır və nəticəyə təsiri məhduddur. Əgər yazılı və şifahi ifadə bacarığı akademik təhsilin təməl ünsürü sayılırsa, bu zaman onun imtahan modelində çəkisi artırılmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda magistr imtahanı sanki ali təhsilin "təkrar universal testi” funksiyasını daşıyır:

"Bu isə gənclərin ixtisas üzrə inkişafını ləngidir və onların elmi-tədqiqat fəaliyyətinə keçidini çətinləşdirir. Mövcud format daha çox test həll etmə bacarığını yoxlayır, lakin elmi araşdırma, tənqidi düşüncə, mənbələrlə işləmə kimi magistr səviyyəsi üçün əsas olan bacarıqları ölçə bilmir. Nəticə etibarilə, imtahan sisteminin bu formatda saxlanılması aşağı nəticə ilə yanaşı, həm də elmi təhsilin dəyərini azaltmış olur”.

Kamran Əsədov hesab edir ki, mövcud vəziyyətdə dəyişməli olan əsas məsələ qəbul modelinin ixtisaslara uyğunlaşdırılmasıdır:

"İmtahan strukturu fakültə və sahələr üzrə fərqləndirilməli, məsələn, humanitar sahə üzrə bakalavrlara ixtisasına uyğun analitik mətnlər, mənbə şərhi, esse yazısı, sosial elmlərdə isə riyazi-statistik analiz bacarıqları yoxlanmalıdır. Eyni zamanda qəbul zamanı bakalavr dövründəki ortalama bal və elmi fəaliyyət də nəzərə alınmalıdır. Bu yanaşma tələbələrə həm psixoloji rahatlıq, həm də daha düzgün istiqamət seçmək imkanı verəcək. Əgər struktur dəyişməz qalarsa, növbəti illərdə də yüksək nəticə göstərənlərin sayı azalacaq. Təhsil sisteminə olan etimad zəifləyəcək, tələbələrin təhsildən gözləntiləri aşağı düşəcək və nəticə olaraq magistr səviyyəsi sadəcə formal diplom mərhələsinə çevriləcək. Halbuki bu pillə elmə və elmi-pedaqoji fəaliyyətə gedən yolun başlanğıcı olmalıdır”.

Ekspertin fikirincə, qəbul sistemində elmi məzmun, tənqidi düşüncə və sahə üzrə ixtisaslaşma əsas götürülməlidir:

"Yalnız bu halda nəticələr yaxşılaşacaq, elmi potensial güclənəcək və Azərbaycan təhsili modern çağırışlara cavab verə biləcək”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlanıb. Nəticələrə əsasən magistraturaya qəbulda yüksək bal toplayanların sayı azalıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->