Goranboyda iki mənzilin döşəməsi çökdü, 4 nəfər xəsarət aldı (FOTO/VİDEO)
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verib.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən isə bildirilib ki, bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər