Xəbər lenti

İran partlayış nöqtəsində: Hakimiyyət tab gətirəcəkmi? (MÜSAHİBƏ)
Dünya 16:16 12.01.2026

İran partlayış nöqtəsində: Hakimiyyət tab gətirəcəkmi? (MÜSAHİBƏ)

Qonşu İran çalxalanır. 40 milyon azərbaycanlının yaşadığı ölkədə baş verənlər ölkəmizdə də hər kəs tərəfindən maraqla izlənilir. Ölkədə iqtisadi çətinliklərin böyük miqyas alması narazılığın pik həddə çatmasına səbəb olub. Etirazlar fonunda toqquşmalar da baş verir ki, bəzi məlumatlara görə, bunun nəticəsində 500-ə yaxın insan öldürülüb. 

Onu da qeyd edək ki, hələlik rəsmi Tehran başlanan prosesə münasibətdə daha kəskin addımlar atmaqdan çəkinir. Buna etirazların böyük miqyas alması ilə yanaşı, böyük ehtimalla ABŞ Prezidenti Donald Trampın narazı kütləni dəstəkləyən və rejimi hədələyən çıxışları da təsir göstərib. Etirazların baş qaldırması sonuncu İran şahının xaricdə yaşayan oğlunun da fəallaşmasına səbəb olub. O, əhalini rejimə qarşı mübarizədə daha kəskin addımlar atmağa səsləyib. Bir sözlə, İranda hazırda baş qaldıran etiraz aksiyaları 1979-cu il İslam inqilabından bəri ölkədə baş verən ən böyük etiraz aksiyası xarakteri almağa başlayıb. 

Bütün bu sualları siyasi təhlilçi Rauf Mirqədirovla müzakirə etdik. Beləliklə, Qaynarinfo-nun müsahibi tanınmış analitik Rauf Mirqədirovdur.

— Rauf bəy, necə düşünürsünüz, İranda cərəyan edən proses teokratik rejimin dəyişməsinə səbəb olacaqmı? Bəziləri artıq inqilabın baş verdiyini iddia edir. İranda yeni inqilab baş verib?

- Öncə onu vurğulayım ki, İranda dəyişikliklərin vaxtı çoxdan çatıb, hətta deyərdim ki, gecikib. Cəmiyyət islahatlara hamilədir. Prinsip etibarilə İranda baş verəcək bütün dəyişikliklər cərrahi əməliyyat tələb edir. Bu transformasiya təkamül yolu ilə mümkün deyil. Amma dəyişikliyin sabah, yoxsa bir-iki ildən sonra baş verəcəyini deyə bilmərəm. Amma İran cəmiyyəti mütləq dəyişəcək. Lakin radikal proqnozlar irəli sürmək istəməzdim. Məsələ ondadır ki, cəmiyyətin ictimai-siyasi əhval-ruhiyyəsini, durumunu müəyyənləşdirən institusional üst qurumların olmadığı avtoritar ölkələrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. İranda bu tip qığılcımlar əvvəllər də olub, lakin onların heç biri rejimin dəyişməsinə gətirib çıxarmayıb.  Lakin indi etirazların dalğası daha  da böyük miqyas alıb. Amma İran kimi ölkələrdə bəzi hallarda adi, lokal bir hadisə genişlənərək rejimin dəyişməsi ilə nəticələnə bilər. Nümunə kimi "ərəb baharı”nı göstərmək olar. Əslində, İran kimi ölkələr üçün "domino effekti” xarakterikdir. Yəqin ki, bir çox yerlərdə domino daşlarından çox gözəl düzümlər görmüsünüz və bundan sonra da görəcəksiniz. İlk baxışda hər şey çox nizamlıdır, hər şey qaydasındadır və domino daşlarından düzəldilmiş divarın dağılacağını düşünmək belə çətindir. Çünki hər şey çox "gözəldir”. Lakin barmağınla bir daşa toxunsan, aşacaq və digərlərini aşırdacaq. Beləliklə, divar dağılacaq. Bunu həm də suya atılmış daşa da bənzətmək olar. Həmin o daşdan dalğalar yaranmağa, yayılmağa başlayır və daha çox su hövzəsini əhatə edir. Avtoritar rejimlərdə, institusoinal üst qurumların olmadığı dövlətlərdə elə bir daş ola bilər ki, böyük bir fırtına yaradar, elə bir daş da ola bilər ki, sadəcə olaraq batar. Cəmiyyətə heç bir təsiri olmaz. Biz İranda artıq "domino effket”ini görürük. Artıq söhbət hansısa lokal problemdən getmir. Söhbət bütövlükdə sistemin, rejimin dəyişməsindən gedir. İkincisi, söhbət ondan gedir ki, İranda demək olar ki, cəmiyyətin bütün sosial qrupları, etnosları bu müqavimət hərəkatında fəal iştirak edirlər. Bu baxımdan, İranda rejimin dəyişməsi ehtimalı kifyət qədər böyükdür, amma mütləq deyil. Çünki İranda hakim teokratik rejimin sosial bazası hələ də mövcuddur. Bu sosial baza dindarların bir hissəsini əhatə edir. Digər tərəfdən, İranda hazırki rejimin mövcudluğundan kifayət qədər yaxşı bəhrələnən hərbi-siyasi, sosial-iqtisadi elita var. Onlar öz imtiyazları, gəlirləri uğrunda vuruşmağa hazırdırlar. Hələ ki, hazırdırlar. Hələ ki, biz cəmiyyətin etirazını görürük və hələ ki, bu etiraz hakimiyyətə nəzarəti ələ keçirmək üçün kifayət deyil. Düşünürəm ki, yaxın vaxtlarda güc strukturlarında parçalanma baş verərsə, bu rejimin vəziyyətini həddindən artıq ağırlaşdıracaq və iflasını qaçılmaz edəcək. 

- Bəs monarxiyanın bərpası necə, realdırmı? Bu baş verə bilərmi? 

- Şah rejiminin əvvəlki formatda bərpası mümkün deyil. Bu baş verərsə, "yağışdan çıxdıq, yağmura düşdük” məsələsinə çevriləcək və bir totalitar rejim digəri ilə əvəzlənəcək. Bu, nəzəri olaraq mümkün olsa da, İranın indiki şəraitində belə bir variantı real hesab etmirəm. İranda şah tərəfdarları ilə yanaşı, onun əleyhdarları, etnik qruplar, kürd separatçıları, azərbaycanlılar da var. Azərbaycanlılar prosesə tam gücləri ilə qatılarsa, demək olar ki, inqilabın uğurunu təmin edə bilərlər. Şahın müvəqqəti keçid dövründə və yaxud simvolik fiqur olaraq hakimiyyətə gəlməsi isə mümkündür. Ölkənin bu fonda konstitusiyalı monarxiyaya keçməsi imkanları var. İran çox fərqli dövlətdir. Burada tam demokratik cəmiyyətin qurulacağına da əmin deyiləm. İranda bir çox maraqlar toqquşub.

- İranda yaşayan azərbaycanlılar prosesdə aktiv iştirak edə bilərlərmi? Təbrizin mövqeyi sizcə necə olacaq? 

- İranın Cənubi Azərbaycan adlandırılan hissəsində nələrin, hansı proseslərin baş verdiyi barədə geniş məlumatlar yoxdur. Ona görə də qapalı məqamlarla bağlı suallara cavab vermək çətindir. İran azərbaycanlılarının prosesdə nə qədər fəal iştirak edib-etməyəcəklərini deyə bilmərəm. Amma inqilabın uğuru bir çox dərəcədə onların prosesdə nə dərəcədə iştirak edəcəyindən asılıdır. Hələlik isə Cənubi Azərbaycan insanı prosesdə o qədər də aktiv deyil. Fikrimcə, Azərbaycan türkləri üçün indiki halda real məqsəd və onu təqdim edəcək ciddi hərəkat da yoxdur.

- Belə bir fikir ortaya atılıb ki, etirazlar daha çox İranın kürdlər yaşayan ərazilərində baş verir. Yəni, "Kürdüstan variantı” saat kimi işləyir. Bu mülahizələr nə dərəcədə doğrudur? 

-Təəssüf ki, Azərbaycanda belə bir fikri yaymaq və bununla da İranda baş verən hadisələrə neqativ münasibət yaratmaq cəhdləri var. Məlumat yayırlar ki, Türkiyə kəşfiyyat orqanlarının məlumatı əsasında İranın güc strukturları kürd hərbi birləşmələrinin ölkəyə daxil olmasının qarşısını alıb. Bu, müasir texnologiyalardan istifadə edərək insanlarda yanlış təsəvvürlər yaratmaq cəhdidir. Azərbaycan ictimai fikrində kürd separatizminə qarşı təbii olaraq mənfi münasibət var. Azərbaycanın Türkiyəyə münasibəti də çox pozitivdir. Onlar qardaşımız və müttəfiqimizdir. İranda etirazların daha çox kürdlər yaşayan ərazilərdə baş verdiyi barədə bir cümləlik versiyanı ortaya atmaqla həm hərəkatın özünə, həm də İranda baş qaldıran bütün hadisələrə münasibətdə mənfi rəy formalaşdırırlar. Bu, bir piardır. Dəfələrlə vurğulamışam ki, İran klassik materik imperiyasıdır və bütün materik imperiyaları kimi nə vaxtsa dağılmalıdır. Amma imperiyaların dağılma prosesi bir çox hallarda çox uzun və ağrılı olur. Xüsusilə, materik imperiyalarının dağılma prosesi həddindən artıq ağrılı olur. Çünki onlar tutduqları əraziləri özəlləşdirirlər. Xalqları assimliyasiyaya uğrada, etnik təmizləmə həyata keçirə bilmədikləri təqdirdə onları ikinci dərəcəli etnoslar kimi qəbul edirlər. Təbii ki, həmin xalqlar hakim etnosla bərabərhüquqlu olmurlar. Bu ziddiyyət həmişə özünü göstərib. Materik imperiyalarda bu proses xüsusilə ağrılı olur. Biz bunu Rusiyanın timsalında görə bilərik. Konkret İrana gəlincə, onu digər imperiyalardan fərqləndirən çox vacib bir xüsusiyyət də var. Bu xüsusiyyət İranda digər imperiyalardan fərqli olaraq iki dövlətqurucu etnosun olmasıdır. Söhbət Azərbaycan türkləri və farslardan gedir. Məsələni ən maraqlı tərəfi ondan ibarətdir ki, bu xüsusiyyət həm İran imperiyasındakı daxili ziddiyyətləri şərtləndirir, həm də İranın mövcud şəkildə qalmasını uzadır. Yəni, bir tərəfdən bu etnoslar arasında daimi rəqabət var. İran tarixi, əslində, elə bu rəqabətdən ibarətdir. Bir çoxları bunu son 500-600 ilin yeniliyi, yaxud regionda gedən siyasi proseslərin təzahürü kimi görür. Əslində, belə deyil. İranda iki dövlətqurucu etnosun olması bir tərəfdən daxili ziddiyyətləri şərtləndirir, digər tərəfdən isə İranın mövcud sərhədlər daxilində qalmasını təmin edir. 

Bilirisniz, İranda türklərin böyük bir hissəsi doğrudan da İranı öz dövləti sayır və hesab edir ki, nə vaxtsa bu dövlətin idarəçiliyi tamamilə onların əlinə keçəcək. Yaxud onlar da bərabərhüquqlu şəkildə bu dövlətin idarəçiliyində iştirak edəcəklər. Bu, eyni zamanda İrandakı türk etnosunun özündə bir ikililik yaradır. Bunu şəxsiyyətin ikiləşməsi kimi də təsəvvür edə bilərik. Bir tərəfdən deyirlər ki, İran bizim dövlətimizdir, digər tərəfdən isə dillərindən "Azərbaycan” sözü düşmür. Bu yanaşmanı İranı Azərbaycana çevirmək istəyi kimi də dəyərləndirmək olar. Lakin bu da mümkün deyil. Çünki hər iki etnos kifayət qədər güclü etnoslardır. Birinin digəri tərəfindən assimliyasiya olunması, birinin digərinin mənəvi dəyərlərini qəbul etməsi qeyri-mümkündür. Beləliklə, hər iki etnosun dövlətqurucu olması, İrana öz dövləti kimi baxması nəticə etibarı ilə bu ölkənin mövcud sərhədlər daxilində qalmasını şərtləndirir. İranda farslar və türklərdən başqa bəluclar, kürdlər, ərəblər, bir qədər yəhudi və erməni var. Amma onlar hadisələrin gedişinə həlledici təsir göstərə bilən etnoslar deyil. Onlar mütləq azlıqdadırlar və dövlətqurucu etnoslar deyillər. 
 


- Sözsüz ki, baş qaldıran prosesdə xarici təsirlərin rolu da var. Bu təsirin miqyası nə qədərdir?

-Bu prosesdə xarici qüvvələrin iştirakı sözsüz ki, mövcuddur. Bu olmasa, təəccüblü olardı. İran vacib dövlətdir. Regiondakı bir çox problemlər İranla bağlıdır. Tehran özünün proksi gücləri ilə regionun digər dövlətlərində baş verən ictimai-siyasi və dövlətlərarası proseslərə nəzarət edir, onları istiqamətləndirir. İraq, Yəmən, Suriya, Livanda baş verən hadisələri yada salmaq kifayətdir. Analoji olaraq, İranda baş verən proseslərə də başqa dövlətlər öz maraqları çərçivəsində qarışırlar. Mövcud situasiyada xarici güclərin məsələyə müdaxiləsi təbiidir. Hətta iştirak etməsəydilər, bu, təəccüblü gələrdi. Regionda marağı olan İsrail, ABŞ, Türkiyə, Rusiya, Çin və bir sıra ərəb ölkələri var. Amma xarici qüvvələrin prosesdə iştirakı böyük həcmdə deyil. İran qapalı ölkə olduğundan ora daxil olmaq çətindir. Ora təsir göstərmək asan olsaydı, yəqin ki, ABŞ hava zərbələri endirmək ehtimalından danışmazdı. İrandakı İsrail kəşfiyyatının gücünü HƏMAS liderinin qətlində gördük. Amma geniş mənada totalitar rejimlərdə baş verən hadisələrə xarici təsir imkanları aşağıdır. Problemin kökü İranın özündədir. 

- Tramp bəyan edib ki, Tehran etirazçılara qarşı kəskin addımlar atarsa, rejimi cəzalandıracaq. Necə düşünürsünüz, ABŞ Prezidenti bu fikrində qərarlıdır, yoxsa sadəcə hədə-qorxu gəlir? 

- Tramp hədə-qorxu gəlir. Amma buna gedə də bilər. Tramp qorxaq, böyük müharibələrdən çəkinən insandır. Qorxaq insan isə ancaq zəiflərin üzərinə gedir. İran isə ABŞ-a real zərbə vuracaq gücdə deyil. Hər dəfə ABŞ-ın regiondakı bazalarına zərbə vurmamışdan öncə hansı nöqtəyə zərbə endirəcəyi barədə əvvəlcədən xəbərdarlıq edir. Dünyanın hansısa bir ölkəsində müharibələr nəticəsində minlərlə, milyonlarla insan qətlə yetirilə bilər. Amma bu, amerikalıların qətiyyən vecinə deyil. Lakin xaricdə bir amerikalı əsgərin burnu qanayan kimi ABŞ-da haray-həşir salırlar. O anda da ABŞ Prezidenti istəsə də, istəməsə də, kəskin reaksiya vermək məcburiyyətində qalır. İranda bunu başa düşürlər. Ona görə də bu cür zəif rəqiblərin olması Tramp kimilərin maraqlarına cavab verir: həmin ölkələrə bir-iki zərbə endirib, bunu böyük qələbə kimi təqdim edirlər. 

Rüfət Sultan

--> -->