Hollivud filmləri və video oyunları sayəsində zehinlərimizdə müəyyən bir obraz yaranıb: lənətlənmiş, gizli keçidlərlə dolu, mıxlı quyular və tavandan enən bıçaqlarla qorunan Misir piramidaları...
Qaynarinfo xəbər verir ki, lakin misirşünaslar bu məşhur mədəniyyət mifinin reallığı əks etdirmədiyini açıq şəkildə bildirirlər. Qədim misirlilər əlbəttə ki, fironların məzarlarını qorumaq üçün böyük səy göstərmişdilər, amma tələlər bu sistemin bir hissəsi deyildi.
Misirşünas Req Klark belə izah edir: "Xeyr, piramidalarda tələlərdən istifadə edilmirdi, lakin içəri girməyi inanılmaz dərəcədə çətinləşdirirdilər".
Müstəqil tədqiqatçı Rolf Kraus da bu fikri dəstəkləyərək, filmlərdə və oyunlarda tez-tez görünən mıxlı quyular və ya ip tələlərinin qədim Misirdə mövcud olmadığını vurğulayır.
Kraus bu cür üsulların praktik baxımdan da səmərəsiz olduğunu bildirir. Çünki məzar oğruları adətən qrup halında hərəkət edirdilər və bir tələ ən çoxu bir-iki nəfəri dayandıra bilərdi, qalanları isə yollarına davam edərdi.
Misirlilər təhlükəsizliyi memarlıqda axtarırdılar
Qədim misirlilər məzarların təhlükəsizliyini təmin etmək üçün daha çox memarlıq həllərinə üstünlük verirdilər. Req Klarkın məzar qorunması mövzusunda yazdığı geniş tədqiqatda qeyd olunur ki, piramidaların tikilmə səbəblərindən biri də fironların məzarlarını daha müdafiəli etmək idi.
Əvvəllər "mastaba" adlanan, düz damlı və maili divarlara malik məzarlar inşa olunurdu və bu məzarları soymaq nisbətən asan idi. Piramidalar isə bu problemi nəhəng kütlələri və möhkəm materialları ilə aradan qaldırırdı. Piramidanın nəhəng həcmi və daş konstruksiyası məzar otaqları üçün təbii qoruma rolunu oynayırdı. Oğruların fironun dəfn olunduğu otağa çatması üçün çox dərin tunellər qazması lazım gəlirdi.
Firoun dəfn edildikdən sonra əsas girişlər diqqətlə bağlanar, uzun və dar keçidlər iri daş bloklarla doldurulardı. Böyük Piramidada məzar otağına çıxmayan kor keçidlərin olması isə bu keçidlərin hırsızları çaşdırmaq məqsədilə yaradılıb-yaradılmadığı sualını hələ də gündəmdə saxlayır.
Ən böyük təhlükə: uçma və yaxalanma riski
Əslində, piramidaların içindəki ən real təhlükələrdən biri onların öz memarlığı idi. Klark qeyd edir ki, bəzi piramidalardakı bu tıxaclı keçidlər işçilər üçün birbaşa təhlükə yaradırdı. Məsələn, 1950-ci illərdə misirli arxeoloq Zakariya Qoneymin Sexemxet Piramidasında apardığı qazıntılar zamanı, əsas girişin üzərindəki daşların uçması nəticəsində bir nəfər həyatını itirmişdi.
Memarlıq tədbirləri ilə yanaşı, məzar otaqlarını qorumaq üçün bəzən sehrli qoruyucu mətnlər də istifadə olunurdu. Lakin "Piramida mətnləri” adlanan bu yazılar populyar mədəniyyətdəki kimi oğrulara lənət oxumaq üçün deyil, firounun o biri dünyaya səyahəti zamanı ona mənəvi və simvolik qoruma təmin etmək məqsədi daşıyırdı.
Oğrular üçün ən böyük təhlükə isə yaxalanmaq idi. Klarkın istinad etdiyi sənədlərə görə, 20-ci sülalə dövrünə aid bir mətn məzar oğrularına verilən cəzaları təsvir edir — burnun və qulaqların kəsilməsindən tutmuş, dirəyə oturdulmağa qədər.
Piramidaların inşası niyə dayandı?
Təəssüf ki, bütün bu memarlıq və hüquqi tədbirlərə baxmayaraq, qoruma üsulları əksər hallarda uğursuz oldu. Xufu üçün inşa edilmiş Böyük Piramida də daxil olmaqla bir çox piramida ya qədim, ya da orta əsrlərdə basqın edilmişdi.
Bu vəziyyət fironların dəfn strategiyasını dəyişməyə məcbur etdi. 18-ci sülalə dövründən etibarən fironlar piramidalara deyil, gizlilik üzərində qurulmuş "Padşahlar Vadisi" adlı nekropolda dəfn olunmağa başladılar. Lakin bu yeni yer belə oğruluğun qarşısını tam ala bilmədi — vadidəki bir çox məzar soyuldu və yalnız Tutanxamonun nisbətən kiçik və yaxşı gizlədilmiş məzarı bu aqibətdən qurtula bildi.
Aydın
Şərhlər