Xəbər lenti

Günəş fırtınaları NASA-nı peyk buraxılışlarını təxirə salmağa məcbur edir
Dünya 14:14 15.11.2025

Günəş fırtınaları NASA-nı peyk buraxılışlarını təxirə salmağa məcbur edir

Həftənin əvvəlində Günəşdən üç güclü koronal kütlə atılması qeydə alınıb. Onların ikisi birləşərək çərşənbə axşamı Yer atmosferinə çırpılıb və radio əlaqəsində kəsintilər, elektrik şəbəkələrində nasazlıqlar və aviareys marşrutlarının dəyişdirilməsi təhlükəsi yaradan güclü geomanyetik qasırğaya səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Məqalədə vurğulanır ki, müxtəlif orbitlərdə fəaliyyət göstərən onlarla peyk də risk zonasına düşüb. Nəşr MIT mühəndisi Kerri Kahoyun sözlərini sitat gətirir: "Peykin hansı hündürlükdə yerləşməsi risk səviyyəsini müəyyən edir. Alçaq Yer orbitində fəaliyyət göstərən aparatlar siqnal nasazlıqları və ya yenidən işə düşmə halları ilə üzləşə bilər, lakin atmosferin molekulları və Yer maqnit sahəsi onları qismən qoruyur. Yüksək orbitlərdə isə – GPS və meteoroloji peyklərin işlədiyi zonalarda – Günəş qasırğası zamanı radiasiya daha güclüdür və maqnetosfer faktiki olaraq aralanır".

Risklərə baxmayaraq, belə hündürlüklər üçün peyklər xüsusi radiasiya davamlılığı ilə hazırlanır. Kahoy qeyd edir: "Heç kim kifayət qədər ekranlama olmadan peyk göndərmir".

Lakin tədqiqatçı Daniel Beykerin sözlərinə görə, müasir kommersiya peyklərinin bir çoxu alçaq orbitdə bu səviyyədə qorunmaya malik deyil və onları nasazlıqlara daha həssas edir.

Geomaqnetik qasırğalar atmosferi qızdıraraq onun genişlənməsinə səbəb olur. Bu isə alçaq orbitdə peyklər üçün sürtünməni artırır. Nəşr xatırladır ki, ötən ilki qasırğa NASA-nın bəzi peyklərinin orbitini 300 metrdən çox azaldıb. 2022-ci ildə isə Günəşdəki güclü alovlanma "SpaceX” tərəfindən təzəcə buraxılmış 40 peyki sıradan çıxarıb.

Bütün bu riskləri nəzərə alaraq NASA ESCAPADE missiyasını təxirə salıb. Missiyanın rəhbəri Rob Lillis bildirib ki, yüksəlmiş radiasiya səviyyəsi iki orbital aparatın kompüterlərinə zərər verə və ya günəş panellərinin açılmasına mane ola bilərdi.

Güclü Günəş qasırğaları zamanı kosmik agentliklər peyklərin və kosmik tullantıların dəqiq mövqelərini itirdikləri üçün təhlükəsiz buraxılış daha da çətinləşir. Beyker izah edir: "Raketin kosmosdakı hər hansı obyektlə toqquşma ehtimalı xeyli artır".

Bununla belə, "Viasat” şirkətinin cümə axşamına planlaşdırdığı buraxılış hələ ləğv edilməyib, lakin "United Launch Alliance” kosmik hava şəraitini diqqətlə izlədiyini və startdan əvvəl proqnozları yenidən qiymətləndirəcəyini açıqlayıb.

Bu arada NOAA-nın Kosmik Hava Proqnozu Mərkəzi daha bir, daha güclü koronal kütlə atılması barədə xəbərdarlıq yayıb. Britaniya Geoloji Xidmətinin məlumatına görə, bu hadisənin təsirləri son 20 ildən bəri ən güclü Günəş qasırğasına səbəb ola bilər.

Daniel Beyker hazırkı aktivliyi 2003-cü ilin "hellouin qasırğaları” ilə müqayisə etsə də, qeyd edir: bu gün orbitdə bir neçə yüz deyil, bir neçə min peyk var. Bununla yanaşı, monitorinq sistemləri əvvəlkindən xeyli daha effektivdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->