Xəbər lenti

Günəş Britaniya imperiyası üzərində nəhayət batdı - Nə baş verdi?
Dünya 12:32 23.03.2025

Günəş Britaniya imperiyası üzərində nəhayət batdı - Nə baş verdi?

Əsrlər boyu "Üzərində günəş batmayan imperiya" ifadəsi Britaniya imperiyasının böyüklüyünü və dünya miqyasında nə qədər geniş yayıldığını vurğulayan ən məşhur təsvirlərdən biri olub. Bu ifadə təkcə simvolik deyil, həm də uzun illər coğrafi baxımdan həqiqət idi. Çünki Britaniyanın müxtəlif qitələrdə koloniyaları olduğu üçün dünyanın hansısa bir nöqtəsində mütləq günəş işığı alan bir İngilis torpağı mövcud olurdu.

Qaynarinfo "Popular Science" jurnalına istinadən xəbər verir ki, bu tarixi reallıq artıq sona çatıb. Keçən ilin oktyabr ayında Britaniya Hind okeanındakı Çaqos adalarının idarəsini Mavrikiya hökumətinə təhvil verməyə razılıq verib. Bununla da Britaniyanın müstəmləkəçilik tarixində daha bir səhifə bağlanıb. 

Çaqos xalqı üçün isə bu hadisə illərlə davam edən hüquqi mübarizənin və beynəlxalq təzyiqlərin nəticəsində qazanılmış bir qələbə kimi qiymətləndirilir. İki ölkə arasında əldə edilən razılaşmada bu addımın "keçmişdəki səhvləri düzəltmək" məqsədi daşıdığı və Çaqos sakinlərinin rifahının prioritet olduğu vurğulanıb.

Ekinoks və tarixi an

Buna baxmayaraq, texniki baxımdan Britaniya ərazilərində günəş işığını qəbul edən bölgələr bir müddət daha mövcud olub. Xüsusilə ilin yarısını gün işığı altında keçirən Antarktikadakı Britaniya torpaqları günəşin son işıqlarını alan ərazilərdən biri idi. Pitkern adaları kimi uzaq və seyrək məskunlaşmış bölgələr də Britaniya imperiyasının "günəş görməyə davam edən" son qalaları olub - amma 20 mart tarixinə qədər.
 


21 mart tarixinə keçid gecəsində, dəqiq olaraq Bakı vaxtı ilə 06:50-də, günəş son dəfə Britaniya torpaqlarını tərk edib. Bunun səbəbi bahar ekinoksudur. Bu tarixdə günəş göy ekvatorunu keçərək cənub yarımkürəsində altı ay davam edəcək gecə dövrünü başladır. Antarktikada aylarla günəş batmazkən, ekinoksla birlikdə bu dövr tərsinə çevrilir və bölgə qaranlığa qərq olur.

Bu astronomik hadisə "Reddit" platformasında maraqlı bir müzakirəyə səbəb olub. Beləliklə, artıq Britaniyanın heç bir torpağında günəş işığı qalmadığı müşahidə edilib və məşhur ifadə ilk dəfə tamamilə tarixə qarışıb. Başqa sözlə, Britaniya imperiyası üzərində günəş nəhayət batıb.

Britaniyanın hələ də günəş alan torpaqları varmı?

Lakin bu qaranlıq uzun sürməyib. Təxminən bir saat sonra Aralıq dənizində yerləşən Kiprin cənubundakı Akrotiri və Dekeliya adlı iki Britaniya hərbi bazasında günəş yenidən doğub. Bu bazalar Birləşmiş Krallığın xaricdəki hərbi varlığını qoruduğu mühüm məntəqələrdən sayılır. Bundan başqa, Mavrikiya ilə əldə edilən razılaşmaya baxmayaraq, Çaqos arxipelaqındakı Dieqo Qarsiya adasında Britaniya ordusunun varlığı davam edir.

Bu isə o deməkdir ki, Britaniya texniki baxımdan hələ də günəş işığı alan ərazilərə malikdir. Lakin keçmiş imperiya dövründə olduğu kimi, günəşin heç vaxt batmadığı bir torpaq zənciri artıq mövcud deyil.
 


Yalnız Britaniya deyil

"Üzərində günəş batmayan imperiya" ifadəsi ilk dəfə Britaniyaya aid edilməyib. Bu termin XVI əsrdə İspaniya kralı I Çarlza (eyni zamanda Müqəddəs Roma imperatoru V Çarlz) aid edilirdi. O dövrdə İspaniyanın Avropa, Amerika, Asiya və Afrikadakı müstəmləkələri o qədər geniş yayılmışdı ki, dünyanın hansısa bir yerində mütləq günəş işığı alan bir İspaniya torpağı var idi.

Bənzər şəkildə, Misir, Mesopotamiya, Fars və Roma imperiyaları da öz güclərini günəşlə əlaqələndirən ifadələrlə təsvir ediblər. XX əsrdə isə ABŞ-ın qlobal hərbi bazaları və diplomatik şəbəkəsi sayəsində bənzər şəkildə "qlobal güc" anlayışı formalaşıb.

Lakin zaman göstərir ki, imperiyalar gəlib keçicidir, günəş isə - ən azı növbəti 5 milyard il ərzində - doğub-batmağa davam edəcək.

Nəticə etibarilə, Britaniyanın dünya miqyasında təsiri və genişlənmiş əraziləri əhəmiyyətli dərəcədə azalmış olsa da, bu tarixi an bir dövrün tamamilə sona çatmasının simvoluna çevrildi. Artıq günəş, Britaniya imperiyası üzərində həqiqətən batıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->