Almaniyanın ötən həftə təsdiqlədiyi milyardlarla avroluq əlavə büdcə xərcləri planı Avropada gərginlik yaradıb. Berlinin sərt xərcləmə siyasətindən kəskin dönüş etməsi kimi qiymətləndirilən bu addım, Almaniya ilə müttəfiqləri arasında artıq ciddi fikir ayrılıqlarına səbəb olub.
Qaynarinfo xəbər verir ki, ötən həftə Almaniya Federal Parlamenti (Bundestaq) yeni Avropa ortaq müdafiə dövrü çərçivəsində infrastruktur, müdafiə və iqlim qoruma sahələrinə yönəlmiş milyardlarla avroluq əlavə xərcləri təsdiqləyib. 23 fevralda keçirilən ümumi seçkilərdən sonra koalisiya hökuməti qurmaq üçün danışıqlar aparan Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) konstitusiyada üç maddəyə dəyişiklik edilməsi ilə bağlı təklifi parlamentdə 207 əleyhinə 513 səslə qəbul edilib.
Yeni konstitusiya düzəlişinə əsasən, ölkənin müdafiəsi üçün nəzərdə tutulan iri həcmli xərclər borc məhdudiyyətindən azad ediləcək. CDU/CSU parlament fraksiyasının rəhbəri və Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz səsvermədən əvvəl çıxış edərək, Almaniyanın müdafiə xərclərini artırmaq planının Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən qəbul edildiyini bildirib.
Gələcək hökumətdə kansler olması gözlənilən Mers deyib: "Bu, yalnız Ukraynanın ərazi bütövlüyünə qarşı deyil, həm də Avropaya qarşı bir müharibədir. Hər gün ölkəmizə qarşı aparılan bir savaşdır".
"Politico" nəşrinin bugünkü "Almaniyanın böyük xərcləmə hücumu Aİ-ni narahat edir" başlıqlı məqaləsində bildirilib ki, kanslerliyə namizəd Fridrix Merz Alman sənayesinə dəstək vermək niyyətindədir, lakin digər Avropa İttifaqı (Aİ) ölkələri bunu ədalətsiz rəqabət kimi qiymətləndirir və narahatlıq keçirir.
Nəşrin məlumatına görə, Almaniyanın müttəfiqləri Berlinin uzun müddətdir gözlənilən "büdcəni genişləndirmə" qərarını ümumilikdə müsbət qarşılasa da, ABŞ ilə ticarət müharibəsi riskinin artdığı bir dövrdə bu cür radikal xərcləmə planlarının Almaniyaya qeyri-bərabər üstünlük qazandıra biləcəyindən ehtiyatlanırlar.
Gələcək on il ərzində əsasən müdafiə, infrastruktur və yaşıl enerji sahələrinə yönələcək və 1 trilyon avroya çatması gözlənilən əlavə xərclər, Almaniyanın müntəzəm büdcə yükünü azaldaraq digər sahələrə də daha çox investisiya ayırmasına imkan verəcək. Bu vəsaitin bir hissəsi artıq sənaye subsidiyalarına ayrılıb ki, bu da Alman şirkətlərinə Aİ-nin digər bölgələrindəki rəqiblərinə nisbətən üstünlük qazandıra bilər.
Fransa, İtaliya və İspaniyanın rəhbərlik etdiyi bir sıra hökumətlər Avropada ortaq borclanma yolu ilə silahlanmaya sərmayə qoyulmasını dəfələrlə təklif etsə də, Almaniya bu təklifi açıq şəkildə rədd edir.
Aİ-nin Almaniyadan sonra ikinci ən böyük iqtisadiyyatı olan Fransadan anonim qalmaq istəyən keçmiş bir nazir "Politico"ya verdiyi açıqlamada, "Almaniya ilə bağlı ehtiyatlı olmalıyıq" ifadəsini işlədib.
İsveçin Aİ işləri üzrə naziri Yessika Rosenkrants "Politico"ya verdiyi açıqlamada deyib: "Almaniyanın müdafiə xərclərini ciddi şəkildə artırmasını məmnuniyyətlə qarşılayırıq. Almaniya mühüm bir ölkədir, lakin dövlət yardımı ilə bağlı müəyyən qaydalar mövcuddur".
Dövlət yardımı anlayışı bir hökumətin və ya dövlət resurslarını istifadə edən bir qurumun müəyyən şirkətlərə və ya sahələrə verdiyi maliyyə dəstəyini ifadə edir. Aİ çərçivəsində isə dövlət yardımları rəqabəti pozma ehtimalına görə ciddi qaydalarla tənzimlənir.
Aİ-nin dövlət yardımları ilə bağlı əsas qaydaları Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin (TFEU) 107-ci maddəsində qeyd olunub. Bir dövlət yardımı aşağıdakı kriteriyalara cavab verərsə, qadağan edilə bilər:
* Dövlət vəsaitlərindən istifadə edilməsi (məsələn, subsidiyalar, vergi güzəştləri, aşağı faizli kreditlər);
* Müəyyən müəssisələrə və ya sahələrə üstünlük tanınması (ümumi iqtisadi tədbirlərdən fərqli olaraq, spesifik qruplara fayda verməsi);
* Bazar rəqabətini pozması və ya pozma riski daşıması;
* Aİ daxili bazarında ticarətə təsir göstərməsi.
Almaniyanın bu genişmiqyaslı iqtisadi strategiyası, Aİ-də rəqabət qaydaları və maliyyə sabitliyi baxımından ciddi mübahisələrə yol açacaq kimi görünür.
Aydın
Şərhlər