Fransız qırmızı şərab sektoru ciddi böhranla üzləşir. Gənc nəsillər arasında şərab istehlakı sürətlə azalır və yerini digər içkilər və ya tamamilə alkoqoldan imtina edir.
Qayanrinfo "Financial Times"a istinadən xəbər verir ki, Fransada qırmızı şərabın istehlakı 1970-ci illərdən bəri təxminən 90% azalıb. Ümumilikdə şərab istehlakı isə 1945-ci ildən bəri 80%-dən çox azalıb. Xüsusilə Z nəsli əvvəlki nəsillərlə müqayisədə iki dəfə az şərab alır.
Bu dəyişikliklər qlobal tendensiyalara uyğundur. Gənclər arasında qırmızı şərab modadan düşüb, onun yerini roza şərab, pivə, sərt içkilər və alkoqolsuz içkilər alır.
Fransız şərab sektoru həmçinin Çindən olan tələbatın azalması və iqlim dəyişikliklərinin təsiri ilə mübarizə aparır. Bu problemlər şərab kateqoriyalarına bərabər təsir etməsə də, qırmızı şərab istehsalçıları daha çox zərər çəkir.
Bordo Şərab Şurası (CIVB) idarə heyətinin üzvü Jan-Pyer Dyuran bildirir ki, gələcəkdə aşağı qiymət seqmentindəki şərablara tələbat az olacaq. Bunun səbəbi gənc nəslin daha çox keyfiyyətə önəm verməsidir. Hazırda bəzi Bordo şərabları cəmi 2,50 avroya satılır ki, bu da regionun yüksək keyfiyyətli şərab imicinə mənfi təsir edir.
Dyuran əlavə edir ki, yüksək keyfiyyətli və bahalı şərab istehsalçıları da istehlakçı zövqlərinin dəyişməsi və iqlim problemləri ilə uyğunlaşmaq məcburiyyətindədir. Ancaq bəzi istehsalçılar, yüksək xərclər və ya ənənələrə bağlılıq səbəbindən innovasiyalara qarşı çıxır.
Bordo bölgəsində artıq 9 500 hektar üzüm bağlarının çıxarılması planlaşdırılır. Bu tədbir, istehsal artıqlığının qarşısını almaq və üzüm bağlarına düzgün qayğı göstərilmədiyi üçün xəstəliklərin yayılmasının qarşısını almaq məqsədini güdür. İki illik plana əsasən, hər hektar üçün 6 000 avro ödəniləcək və ümumi büdcə 57 milyon avro təşkil edir.
Eyni zamanda, İtaliya, Portuqaliya və İspaniyada yamaclarda yetişdirilən üzüm bağlarının torpaq eroziyası səbəbindən prosseko kimi içkilərin istehsalında problemlər yaranması gözlənilir.
Aydın
Şərhlər