Yapon astronomları kainatın erkən dövrlərində demək olar ki, qeyri-mümkün sürətlə böyüyən, eyni zamanda güclü rentgen və radio dalğaları yayan qeyri-adi ifrat kütləli qara dəlik kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, "Interesting Engineering”in yazdığına görə, Vaseda və Tohoku universitetlərinin alimləri tərəfindən edilən bu kəşf mövcud nəzəriyyələrə meydan oxuyur və gənc kainatda baş verən əsas fiziki proseslərin hələ də kifayət qədər başa düşülmədiyini
göstərir.
"Komanda Subaru teleskopunun köməyi ilə intensiv şəkildə "qidalanan” uzaq kvazarı – aktiv ifrat kütləli qara dəliyi qeydə alıb. Obyekt kainatın yaşının 1,5 milyard ildən az olduğu dövrdə mövcud olub. Qara dəlik fövqəladə dərəcədə sürətli akkresiya (maddə udma) vəziyyətindədir, eyni zamanda rentgen diapazonunda parlaq şəkildə işıqlanır və jetdən (şırnaqdan) güclü radioşüalanma yaradır", – deyə məqalədə bildirilir.
Tədqiqatçıların qeyd etdiyi kimi, bu xüsusiyyətlərin birliyi əksər nəzəri modellərdə nəzərdə tutulmayıb.
Eddinqton həddi
Kütləsi Günəşin kütləsindən milyonlarla və ya milyardlarla dəfə çox ola bilən ifrat kütləli qara dəliklər əksər qalaktikaların mərkəzində yerləşir. Onlar öz qalaktikalarındakı ətraf qazı – əsasən hidrogen və heliumu udaraq böyüyürlər.
Qaz qara dəliyə düşərkən rentgen şüaları yayan qaynar plazma sahəsi – korona (tac) formalaşır. Bundan əlavə, bəzi ifrat kütləli qara dəliklər radio diapazonunda intensiv şüalanan jetlər – maddə axınları yaradırlar.
Lakin alimlər qeyd edirlər ki, əgər qaz çox sürətlə daxil olarsa, şüalanma düşən maddəyə əks təzyiq göstərməyə başlayır və prosesi ləngidir. Məhz beləliklə Eddinqton həddi – akkresiyanın şərti "sürət həddi" yaranır.
Nadir hallarda qara dəliklər müvəqqəti olaraq bu həddi aşa bilərlər – bu hadisə "super-Eddinqton akkresiyası" kimi tanınır və onlara kütləni sürətlə artırmağa imkan verir. Lakin adətən hesab olunur ki, belə şəraitdə yüksək tezlikli şüalanma və jet aktivliyi zəifləməlidir.
Subaru teleskopundakı MOIRCS yaxın infraqırmızı spektroqrafından istifadə edən alimlər, qara dəliyin yaxınlığındakı qazın hərəkətini ölçüblər və Mg II emissiya xətti üzrə onun kütləsini qiymətləndiriblər. Rentgen müşahidələri göstərib ki, qara dəlik maddəni Eddinqton həddindən təxminən 13 dəfə daha yüksək sürətlə udur. Bu da onu öz sinfində ən sürətlə böyüyən qara dəliklərdən biri edir.
"Bu kəşf ifrat kütləli qara dəliklərin kainatın erkən dövrlərində necə bu qədər sürətlə formalaşdığını anlamağa bizi yaxınlaşdıra bilər", – deyə tədqiqatın aparıcı müəllifi, Vaseda Universitetinin əməkdaşı Sakiko Obuçi qeyd edib.
Bundan əlavə, alimlər aktiv korona və güclü jetin mövcudluğunu göstərən parlaq rentgen və güclü radioşüalanma qeydə alıblar. Mövcud super-Eddinqton akkresiya modelləri fərz edir ki, belə ekstremal böyümə tempində bu hadisələr zəif olmalı və ya tamamilə yox olmalıdır.
Tədqiqatçılar ehtimal edirlər ki, kvazar qısa müddətli keçid fazasındadır: güclü qaz axını onu Eddinqton həddindən kənara itələyib, lakin korona və jet hələ sönməyə imkan tapmayıb.
Alpər
Şərhlər