"Meta" şirkəti "Facebook" və "Messenger" platformalarında 16 yaşdan aşağı istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi "Teen Accounts" hesablarının istifadəyə verildiyini elan edib. Yeni funksiya ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada işə salınacaq və daha sonra digər regionlara da genişləndiriləcək.
Qaunarinfo xəbər verir ki, bu barədə "TechCrunch" nəşri məlumat yayıb.
"Teen Accounts" ilk dəfə ötən ilin sentyabrında "Instagram"da istifadəyə verilib. Bu addım "Instagram" və digər məşhur sosial şəbəkələrin ABŞ qanunvericiləri tərəfindən yeniyetmələrin onlayn təhlükəsizliyinin təmin edilməsində yetərsiz tədbirlər görmələri ilə bağlı tənqidlərindən sonra atılıb. "Meta" şirkəti son açıqlamasında "Instagram"da yeniyetmələr üçün nəzərdə tutulmuş bu hesablarla bağlı əlavə təhlükəsizlik funksiyalarının tətbiq olunduğunu da bildirib.
"Facebook" və "Messenger" platformalarına bu funksiyaların genişləndirilməsi nəticəsində yeniyetmələr avtomatik olaraq təhlükəli məzmun və arzuolunmaz əlaqələrdən qorunmaq üçün nəzərdə tutulmuş mühitə yönləndiriləcək. 16 yaşdan aşağı istifadəçilər bu hesabların parametrlərini yalnız valideynlərinin icazəsi ilə dəyişə biləcəklər.
"Meta"nın təqdimat bloqunda dəqiq məhdudiyyətlər açıqlanmasa da, şirkət "TechCrunch" nəşrinə göndərdiyi elektron məktubda bildirib ki, yeniyetmələr yalnız artıq yazışdığı və ya izlədiyi şəxslərdən mesaj ala biləcəklər.
Bundan əlavə, yalnız yeniyetmənin dostları onun hekayələrini görə və onlara cavab verə biləcəklər. Etiketləmə, qeyd etmə və şərhlər də yalnız dostlar və izləyicilərlə məhdudlaşdırılacaq.
Yeniyetmələr sosial şəbəkədə gündə bir saat istifadə etdikdən sonra fasilə vermələri üçün xatırlatmalar alacaqlar. Gecə saatlarında isə onlara avtomatik olaraq "Səssiz rejim" aktiv ediləcək.
"Instagram"da tətbiq edilən yeni məhdudiyyətlərə görə, 16 yaşdan aşağı istifadəçilər valideyn razılığı olmadan canlı yayıma qoşula bilməyəcəklər. Həmçinin, şəxsi mesajlarda ehtimal olunan çılpaq görüntüləri bulanıqlaşdıran funksiyanı deaktiv etmək üçün valideyn icazəsi tələb olunacaq.
Aydın
Şərhlər