Xəbər lenti

Ərinin mason olduğunu öyrənən rus qadın iki il rahibə kimi gizlənib
Dünya 21:41 14.05.2025

Ərinin mason olduğunu öyrənən rus qadın iki il rahibə kimi gizlənib

Fransız ərinin mason olduğunu öyrənən və ondan qaçan rusiyalı qadın iki il ərzində Rusiya kəndlərindən birində rahibə libasında gizlənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

2012-ci ildə Başqırdıstan əsilli Olqa tanışlıq saytında fransız Emil (adlar dəyişdirilib-red.) ilə tanış olub. Emil onun xarici universitetə qəbul olmasına kömək edib. Daha sonra onlar görüşməyə başlayıb, birlikdə yaşayıblar və üç il sonra həm rəsmi nikaha giriblər, həm də kilsədə nigah bağlayıblar. 2017-ci ildə Olqa Martin adlı oğlunu dünyaya gətirib. Uşağın bir yaşı tamam olduqdan sonra qadın onu doğma vətənindəki qohumlarına göstərmək qərarına gəlib.

2018-ci ilin avqustunda ailə yenidən Fransaya qayıtmaq üçün Kazan vağzalına gəlib. Oradan hava limanına yola düşməli imişlər. Lakin Olqa fürsət taparaq taksi tutacağını deyib və Martinlə birlikdə yoxa çıxıb. Həmin andan etibarən Emil ona etdiyi zənglərinə cavab ala bilməyib. O, polisə müraciət edib və hadisəni araşdırmaq üçün detektiv bacarıqları olan vəkil tutub. Emil düşünüb ki, Olqanı onun valideynləri gizlədir və bu səbəbdən onların evində üç dəfə axtarış aparılıb. Lakin bir il ərzində aparılan istintaq nəticə verməyib. Polis sadəcə qadının "Komsomolskaya" metrostansiyasına endiyini müəyyən edə bilib.

Hadisə ilə bağlı yeni ipucu Olqanın keçmiş qonşusundan gəlib. Məlum olub ki, yoxa çıxmazdan əvvəl Olqa ondan bir kilsə barədə maraqlanıb. Bu məlumatdan sonra hüquq-mühafizə orqanları Rusiya Pravoslav Kilsəsinin nümayəndələri ilə əməkdaşlıq etməyə başlayıblar. Nəticədə, Smolensk vilayətində yerləşən bir yaşayış məntəqəsində Olqa və oğlu təsadüfən tanınaraq tapılıb. Şahid bildirib ki, o, Olqanı rahibə geyimində, iri "tısbağa formalı" eynəkdə, yanında isə kiçik bir uşaqla görüb.

"Onun tapılmasına özü də təəccübləndi, amma bir növ rahatlıq hissi də keçirdi. İki illik gizlənmək onu fiziki və emosional cəhətdən tükəndirmişdi. Onun yeganə qorxusu o idi ki, oğlu əlindən alınaraq atasına veriləcək. Lakin biz onu inandırdıq ki, belə olmayacaq və ona kömək etmək istəyirik", deyə Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəis müavini, polkovnik Armen Eqiazarian bildirib.

Olqa polisə verdiyi ifadədə bildirib ki, hələ Fransada yaşadıqları vaxt ərinin mason olduğunu öyrənib. Onun şəxsi əşyaları arasında dini ədəbiyyat tapılıb və bu kitablar qadına görə şeytani ayinləri xatırladırmış. Olqa bu barədə ərilə danışdıqda, Emil masonluqla əlaqələrini etiraf edib və onların oğlunun da gələcəkdə ordenə üzv olacağına inandığını bildirib. Bundan sonra Olqa Martinin həyatını xilas etmək üçün qaçmağa qərar verib.

Sonda məhkəmə uşağın anasının yanında qalmasına qərar verib. Hazırda Olqa müəllim kimi çalışır, oğlu isə Başqırdıstanda məktəbə gedir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->