Xəbər lenti

Ekspertdən imtahanlarda fırıldaqla bal toplayan abituriyentlərə qarşı sərt təklif
Ölkə 14:30 30.07.2025

Ekspertdən imtahanlarda fırıldaqla bal toplayan abituriyentlərə qarşı sərt təklif

"Bu abituriyentlərin imtahanların nəticələri ləğv olunmalı və olunacaq da. Ola bilsin ki, sərt düşünürəm, amma bu belə olmalıdır. Onlar imtahan prosedurlarında iştirak etmək huququndan 5 illik məhrum olunmalıdırlar".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri bir neçə abituriyentin istintaqa cəlb edilməsinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, onlar illərdir zəhmət çəkən yüzlərlə abituriyentə haqsızlıq edib:

"Bu gün abituriyentlərlə işləyən bir ekspert kimi onların valideynlərinin nə qədər əziyyət çəkdiyinin şahidi oluram. Gecəsini gündüzə qatan abituriyentlər var. Onlar bütün günü çalışır, ali məktəblərə qəbul olunmaq üçün yüksək nəticə toplayırlar. Çox təəssüflər olsun ki, bəzi abituriyentlər ali məktəbə girmək üçün bu cür neqativə əl atıb. Biz hüququ dövlətdə yaşayırıq. Nə yaxşı ki, hüquqi bacarığımız, nə yaxşı ki, ayıq-sayğılığımız bu kimi halları üzə çıxarır. Bu hallar Dövlət İmtahan Mərkəzinin nüfuzuna, şəffaflıq meyarına, nə də digər qurumların işinə təsir edə bilər. Kim bu işlərə əl atsa, özləri-özlərini uçuruma yuvarlamış olacaqlar".
 


Ekspert bu hadisəyə təəssüf etdiyini əlavə edib:

"Nə yazıq, biz bu cür neqativ hallarda birbaşa abituriyentin iştirakını görürük. Abituriyent 250-300 bal toplamağın yollarını axtarmaq, bu istiqamətdə özünü inkişaf etdirmək əvəzinə görün nələrə əl atıb. Bu arzuolunmazdır. Ən dəhşətlisi isə 18 yaşlı gənc qeyri-şəffaf, qeyri-legitim bir prosesdə iştirak edir. Bu, Dövlət İmtahan Mərkəzinin illərdir üzərində işlədiyi şəffaflıq prosesinə haqsızlıqdır. Düzdür, üzə çıxarılıb, müəyyənləşib, artıq istintaq gedir. Bu işi görənlərlə yanaşı artıq abituriyentlər də istinqata cəlb olunub. Amma bunun ən pis tərəfi odur ki, hadisənin iştirakçısı birbaşa abituriyentlərdir".

Elmin Nuri olanlarla bağlı dövlət səviyyəsində addımların atıldığını xüsusi vurğulayıb:

"Bu bizi sevindirir. Artıq Dövlət İmtahan Mərkəzinin də texniki ərazisinə, texniki serverinə müraciət etmək istəyənlər var. Nə yaxşı ki, onların qarşısı alındı. Dövlət İmtahan Mərkəzi öz işini yüksək səviyyədə həyata keçirən bir qurumdur. Dünyanın çox güclü şirkətləri ilə əməkdaşlıqlar edir, təcrübələr həyata keçirir. 30 ildən yuxarı təcrübəsi var, ildən-ilə bu qurum özünün şəffaflığı ilə seçilir".

Elmin Nuri qeyd edib ki, DİM-in şəffaflıq istiqamətində gördüyü sərt tədbirlər, ayıq müşahidələr, əldə etdiyi təcrübələr belə neqativ hallara imkan verməyəcək.

Qeyd edək ki, imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan bəlli şəbəkələrin ifşa olunmasından sonra bir neçə abituriyent istintaqa cəlb edilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->